
Sabah yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədilə sınaq imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsilalan şagirdlər iştirak edə bilərlər.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq.
I blok | II blok | III blok | IV blok |
Riyaziyyat | Riyaziyyat | Azərbaycan (rus) dili | Biologiya |
Fizika | Coğrafiya | Tarix | Kimya |
Kimya | Tarix | Ədəbiyyat | Fizika |
Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramları (kurikulumlar) üzrə keçiriləcək. Həmin qəbul imtahanlarının, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bu sınaq imtahanı modelinə uyğun təşkil olunması nəzərdə tutulur.