Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 12:20:00
Bu il məktəblərə neçə ədəd kompüter verilib? – AÇIQLAMA

“2018-2019-cu tədris ilində Azərbaycan təhsil sistemində informasiya-kommunikasiya üzrə maddi-texniki baza təkmilləşdirilib, kompüter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işi davam etdirilib. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin olunması məqsədi ilə ölkə üzrə 2124 ümumi təhsil müəssisəsinə 20 000 ədəd noutbuk paylanılıb. Paylanılan avadanlıqların 30%-i Bakı şəhərinə, 70%-i isə rayonlara verilib. 

AzEdu.az xəbər verir ki, bu barədə TED.az-a Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 Bildirilib ki, kompüter avadanlığının paylanılması ümumtəhsil müəssisələrində idarəedici heyət və İKT otaqlarının kompüter avadanlığı ilə təminatı üzrə normativlərə əsasən həyata keçirilib. Nəticədə, ötən illərlə müqayisədə daha çox ümumi təhsil müəssisəsi kompüter avadanlığı ilə təmin edilib.

 Həmçinin qeyd edilib ki, bu il Təhsil Nazirliyi Azərbaycanın ən böyük daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirib: Hazırda ölkə üzrə 3162 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 93%-nə və pedaqoji heyətin 75%-nə faizinə bərabərdir. Bu faiz göstəricilərinin 100%-ə çatdırılması nəzərdə tutulub”.

 Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından istifadə etmək imkanına malikdir. Bununla yanaşı, şəbəkəyə qoşulmuş təhsil müəssisələrində internet süzgəcləmə sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir”,-  deyə məlumatda bildirilib.

 Əlavə edilib ki, bugünədək Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələri internet və internetə çıxışla təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.