Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 14:42:00
Aİİ Beynəlxalq Tərcüməçilər Günü ilə bağlı tədbir keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər Günü ilə bağlı tədbir keçirib.

İnstitutdan  bildirilib ki, tədbirdə dini ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə təhsilin və elmin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıldığını, gənclərimizin Vətənimizin uğurlu gələcəyi naminə peşəsinin mütəxəssisi olması üçün qətiyyətli addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, dini ədəbiyyatın, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olmasını, ölkəmizin beynəlxalq konfranslarda layiqincə təmsil edilməsinin gərəkliliyini nəzərə alaraq, İlahiyyat İnstitutu tələbələrinin – gələcəyin ilahiyyatçılarının xarici dilləri bilməsi vacibdir. Buna görə də Aİİ-də xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirilir, ödənişsiz kurslar təşkil edilir. Dini ədəbiyyat Azərbaycan dilinə tərcümə edilərkən yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit nəzərə alınmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şöbə müdirinin müavini Mahir Qəniyev “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda məruzə ilə çıxış edərək müvafiq sahənin birbaşa ictimai maraqları təmin etdiyini bildirib. O, beynəlxalq hüquq və təcrübədən nümunələr gətirməklə dini ədəbiyyatların müvafiq qaydada yoxlama prosesindən keçərək çap edildiyini və yayıldığını vurğulayıb. Qeyd edib ki, təqdim olunan ədəbiyyat insanpərvərlik prinsiplərinə zidd deyilsə; dini nifrət və düşmənçiliyə rəvac verəcək, dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər yer almırsa; ölkəmizdəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək ifadələr əks olunmursa, bu kitabın ölkə ərazisində çapı və yayılmasına heç bir qadağa yoxdur.

Filologiya üzrə elmlər doktoru, professor Nəsrulla Məmmədov “Sakral mətnlərin üslub xüsusiyyətləri” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, dini mətnlərin tərcüməsi zamanı müəyyən prinsiplərə riayət edilməlidir. Sakral mətnlər sözbəsöz deyil, həm də mənaya ehtiva edərək tərcümə olunmalıdır.

Nəsrulla Məmmədov tərcümə işinin spesifikliyi ilə bağlı məsələlərə də aydınlıq gətirib. Vurğulayıb ki, hər hansı əsər dilimizə çevrilərkən, onun mahiyyətinin düzgün çatdırılması əsas şərtdir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Azərbaycanda tərcümə işinin mövcud durumundan söz açıb. Bu sahənin təkmilləşdirilməsinin vacibliyini bildirən məruzəçi dünyanın aparıcı ölkələrinin təcrübəsindən yararlanmağın zəruri olduğunu deyib. Qeyd edib ki, mədəniyyətlərin inteqrasiyası, elmi biliklərin mübadiləsi tərcümə sayəsində mümkündür.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikov “Leypsiq tərcüməşünaslıq məktəbi aspektindən dini və fəlsəfi tərcümələrin hermenevtik və praqmatik problemləri” mövzusunda çıxışı zamanı bildirib ki, tərcümə işinin tarixinə nəzər salsaq, bu sahənin ölkənin, xalqın taleyində, mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi rolu var. (Azərtac)