
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov özünün şəxsi facebook hesabında tələbələrinə müraciət edib.
AzEdu.az həmin müraciəti təqdim edir:
“Əziz tələbələrim, artıq 2019-2020-ci tədris ilinin üçüncü həftəsinə başlayırıq. Sizlərin normal təhsil almaları üçün universitet olaraq əlimizdən gələn hər şeyi etmişik, hətta yay aylarında (iyul-avqust) belə təqaüdlərinizi kartlarınıza köçürmüşük, sentyabr ayını təqaüdünü də ayın 24-də almısınız, yataqxanalarda, tədris korpuslarında carı təmir işləri aparmışıq, yeni tədris ilinə tam hazırlıqlı gəlmişik, mühəndislik korpusunun alt mərtəbəsini ən müasir üslubda təmir etmişik, kimya və əczaçılıq kafedraları üçün 6 laboratoriya yaratmışıq, tədris təcrübə təsərrüfatında praktik dərslər üçün 60 nəfərlik auditoriya, heyvan kəsimi sexı və laboratoriya tikmişik, 40-dan artıq yeni mikroskoplar, qan, sidik, biokimyəvi analizatorlar alınıb.
Bir sözlə, sizlərin mütəxəssis kimi formalaşmağınız üçün mümkün hər şey edilib. Bu il universitetə 1400-ə qədər yerli, 60-dan artıq xarici tələbə qəbul olunub. Qalır, sizlərin təhsil istəkləriniz, əgər sizlər istəsəniz, normal təhsil ala biləcəksiniz. Yetər ki, siz ürəklə mütəxəssis olmağı istəyəsiniz, mən daim Sizin yanınızdayam, yolunuz açıq olsun!”