
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun heterogen proseslərin radiasiya kimyası laboratoriyasının rəhbəri, kimya üzrə elmlər doktoru, professor Teymur Ağayev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş “Nüvə fizikası və nüvə texnologiyalarının müasir problemləri” 9-cu beynəlxalq konfransında iştirak edib.
AzEdu.az xəbər verir ki, institutdan bildiriblər ki, Azərbaycan alimi beynəlxalq tədbirdə “Sudan hidrogenin alınması proseslərində nano-ZrO2+nano-Al2O3 sisteminin radiasiya-katalitik xassələri” mövzusunda məruzə ilə çıxış edib. Onun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, T.Ağayev konfrans çərçivəsində bir sıra tanınmış elmi mərkəzlərdən olan alimlərlə birgə elmi fəaliyyət planları ətrafında fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq əlaqələrini müzakirə edib. (Azərtac)