
Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov sentyabrın 26-dan 28-dək Türkiyədə keçirilən 1-ci Beynəlxalq Texnologiya Transfer Ofisləri Konqresində iştirak edib.
AzEdu.az xəbər verir ki, ESOGÜ Konqres və Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə Türkiyə ilə yanaşı dünyanın bir çox ölkələrindən texnologiya transfer mütəxəssisləri, alimlər, investorlar iştirak ediblər. “Gələcəyə iz qoy!” şüarı ilə keçirilən konqres Eskişehir Osmanqazi Universitetinin rektoru, professor Kamal Şenocak və ali məktəbin prorektoru, professor Ali Arslantaşın açılış nitqi ilə başlayıb.
Tədbirdə İngiltərə, Estoniya, Azərbaycan və Almaniyadan olan alimlərin daxil olduğu Elmi Komitənin təsdiqlədiyi texnologiya transferi ofislərinin gələcəyi, effektiv texnologiyaların transfer prosesləri və sahibkarlıq ekosistemləri mövzusunda 25-dən çox elmi iş təqdim edilib.
Tədbirlə bağlı təəssüratlarını bölüşən E.Yusubov qeyd edib ki, konqresin idarə heyətinin üzvü olaraq Türkiyə Elm və Texnologiya Araşdırma Qurumu (TUBİTAK), Universitet-Sənaye Əməkdaşlıq Mərkəzi Platforması (ÜSİMP), Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Sənaye və Texnologiya Nazirliyi, eləcə də Osmanqazi Universiteti, Bilkend Universiteti və digər ali məktəblərin rəhbər və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə və işgüzar münasibətlərin qurulması ilə bağlı mzakirələr aparıb. E.Yusubov bundan başqa, konqresdə “Universitetlərin rəqəmsallaşma keçidi” adlı məruzə ilə çıxış edib.