
Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.
Atası oğlunun itkin düşmə səbəbi haqqında danışarkən bildirib ki, həm təhsil haqqını ödəyə bilmədiklərinə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. 11 gündür, məlumat yoxdur.
AzEdu.az mövzu ilə bağlı universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Şahin Sərdarlı ilə əlaqə saxlayıb.
Universitet rəsmisi bildirib ki, sıxışdırılmaqla bağlı məlumat tamamən yanlış fikirdir:
“Təhsil haqqı problemi gündəmdə deyil. Çünki təhsilhaqqı məsələsində çox çətinlik çəkən hər bir tələbə haqqında fakültə tütoru THİK-ə məlumat verir və biz də müxtəlif kompaniyalar vasitəsilə onların təhsil haqqına köməklik göstəririk. Həm də tələbə universitet rəhbərliyinə ünvanladığı şəxsi ərizəsilə təhsil haqqı ödənişi ilə bağlı müəyyən qədər vaxt əldə edə bilir”.
“Tələbənin kəsrinin olması məsələsinə gəldikdə isə, bu problemli bir məsələ deyil. Çünki Təhsil haqqında Qanuna əsasən tələbə kəsirlərinin 25 faizini imtahan, qalanını isə yay məktəbi və ya alt qrupda təkrar dərsi dinləyərək ödəyə bilər. Həmin tələbə 15 sentyabr tarixindən bu günə qədər dərsdə iştirak etməyib. Dərsdə iştirak etməyən tələbəni təhsil haqqı ilə bağlı universitetin sıxışdırması nə dərəcədə doğru ola bilər?”-deyə Ş.Sərdarlı əlavə edib.
Ayşə Müseyib