
2018-ci ildə keçirilən buraxılış imtahanlarında cənub bölgəsi üzrə 11-ci sinifi başa vuran şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.
2018-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2016- cı ildə 9-cu sinfi bitirən şagirdlər olub.
Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı) 2016-cı ildə 9-cu sinif şagirdlərinin 47.21 faizini qızlar təşkil etmişdisə, 2018-ci ildə 11-ci sinif şagirdləri arasında bu göstərici 41.95 faizə bərabər olub. Göründüyü kimi, 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb.
Jurnalda qeyd olunur ki, qızların təhsildən uzaqlaşmasına ailələrin sosial iqtisadi vəziyyəti, erkən nigahlar və s. səbəb ola bilər.