
Bakı Mühəndislik Universiteti (BMU) Avropa Birliyinin Erasmus+ Bakı ofisinin nümayəndələri ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə BMU ilə birgə həyata keçirilən proqramların və layihələrin sayını artırmaq, sözügedən proqramda iştirak etmiş tələbə və müəllimlərin fikirləri, onların rastlaşdıqları çətinliklər, təkliflər barədə müzakirələr aparılıb.
Müzakirələrdə BMU-nun müəllim və tələbə heyəti ilə yanaşı, Erasmus+ Bakı ofisinin nümayəndə heyətinin rəhbəri Pərviz Bağırov və əməkdaşları iştirak edib.
Məlumat üçün bildirək ki, BMU beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, tələbə mübadiləsi (Erasmus+ KA1), müxtəlif məzmunlu Erasmus+ KA2 strateji əməkdaşlıq və kadr potensialının inkişaf etdirilməsi layihələrində aktiv iştirak edir. BMU hal-hazırda 20-dən çox Erasmus+ KA1 mübadilə müqaviləsi və 5 müxtəlif Erasmus+ KA2 layihələrində tərəfdaş universitet kimi fəaliyyət göstərir.
Tədbirdə çıxış edənlər BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov BMU-nun Erasmus+ proqramlarında və layihələrində aktiv iştirakı barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda Erasmus+ KA1 və KA2 proqramları çərçivəsində müxtəlif Avropa universitetlərində səfərdə olan müəllim və tələbələrin rəyləri dinlənilib, birgə müzakirələr aparılıb.
Qeyd edək ki, sözügedən proqramlar və layihələr haqqında daha ətraflı məlumatı bu linkdən (http://iro.beu.edu.az) əldə etmək olar.