Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 16:40:00
Universitet kitabxanaları tələbələri necə təmin edir?- “Çətinlik çəkirik” - SORĞU  

Tələbələrin ən çox üz tutduğu məkanlardan başlıcası kitabxanalardır.   Onlar dərsliklərin azlığından və satışda da həmin kitabların baha olmasından şikayətlənirlər.

AzEdu.az universitet kitabxanalarının hazırkı vəziyyəti ilə maraqlanıb.

 Azərbaycan Texniki Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qəzənfər Həmidoğlu   mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, universitet kitabxanası digər ali məktəblərdə olduğu kimi tələbələrin hamısının dərs kitabı və vəsaitləri ilə təmin etməkdə çətinlik çəkir:

“AzTU-nun kitab fondunda təxminən 500 min kitab var. Bununla yanaşı,  tələbələrin müəyyən dərsliklərlə təmin olmasında çətinlik yaranır. Bu problem və dərs vəsaitlərinin yüksək qiymətləri bütün ali təhsil ocaqlarımızın ortaq problemidir. AzTU-nun yeni rektoru Vilayət Vəliyev bu vəziyyətin sahmana salınması üçün ciddi addımlar atmaq niyyətindədir.  E-kitabxananın genişləndirilməsi ilə bağlı  rektorun planları var”.

 O, qeyd edib ki, universitetdə qiraətxanalar fəaliyyət göstərir ki, burada  tələbələr istənilən kitabı əldə etmək imkanına sahibdirlər. Kitabxananın kompüter otağı da kitab tapmaq və elektron versiyalarını izləməkdə yardımçı olur. Kitabxana çatışmayan kitabların surətini (kserokopya) öz printerində çıxara bilir - tələbələr onu pul ödəmədən ala bilərlər

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova açıqlamasında bildirib ki, tələbələrin kitabxanada olan ədəbiyyatların sayı baxımdan problemi yoxdur.

“ Əvvəl vaxt məsələsinə görə, xüsusilə  imtahan aylarında problem yaranırdı. Tələbələr kitabxanadan uzun müddət istifadə edə bilmədikləri üçün şikayətlənirdilər.  Buna görə də rektor onların istəyini nəzərə alaraq  kitabxanaların həftəiçi  saat 22:00-a qədər,  həftəsonu isə saat 18:00-a  qədər işləməsi ilə bağlı qərar verdi.

O qeyd edib ki,  hər il kitabxanaya yeni ədəbiyyatlar daxil olur və elektron kitabxananın yaradılmasını istiqamətində işlər görülür:

“Tələbat yarandıqda hər kafedra kitabları təkrar çapa göndərir.  Ən azı 300-500- ə qədər kitab  hər kafedra tərəfindən kitabxanamıza hədiyyə olunur. Artıq kafedralarda  yeni çap olunan kitablar elektron versiyada universitetin rəsmi  saytında yerləşdirilir. Hazırda universitet kitabxanası elektronlaşdırılma mərhələsindədir. Bu istiqamətdə İT şöbəsində işlər gedir.  Gələn tədris ilinə tam şəkildə hazır olacaq”

G.Aslanova vurğulayıb ki, kitabxanada olan kitabların əksəriyyəti latın qrafikli Azərbaycan əlifbası ilə çap olunub. Bəzi kitablar var ki, xüsusilə monoqrafiyalar- onlar korifey hesab olunur. Həmin kitabların, yaxud xarici ədəbiyyatların latına çevrilməsi və ya tərcümə olunması aktual məsələdir.

Azərbaycan Neft və Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəhruz Nəzərov mövzu ilə bağlı danışarkən qeyd edib ki,  hazırda universitet Azərbaycanda ən böyük elektron kitabxanası olan təhsil ocağıdır. Kitabxana 24 saat fəaliyyət göstərir və bir milyon oxucusu var:

“ Elektron kitabxana yaranandan tələbələrin istənilən dərsliyi əldə etməsində   hər hansı problem yaranmır. Onlar istədiyi vaxt şəxsi kabinetinə daxil olaraq, istədiyi dərsliyi yükləyə, sifariş verə, yaxud çap edə bilərlər. Kitabxanada müxtəlif dillərdə ədəbiyyatlar yer alır.  Hər il istər universitetin öz kafedraları tərəfindən, istərsə də digər xarici ölkələrdən ədəbiyyatlar əlavə edilir”.

 Mövzu ilə bağlı açıqlamasında Bakı Slavyan Universitetindən bildirib ki, dünya ədəbiyyatı seriyasından ədəbiyyatların çoxu imkan daxilində hazırlanıb çap edilir:

“Tərcümələrin böyük əksəriyyəti universitet müəllimlərinə məxsusdur. Həmin ədəbiyyatlar  kitabxananın oxucu fonduna verilir. Demək olar ki, tələbənin ehtiyacını ödəyir. Ola bilər ki, yeni fənn tədris edildikdə ilk illər dərsliklərlə bağlı problem yaşanır. Amma ənənəvi fənlərdə ədəbiyyat sayı lazımı qədərdir. Bu yaxınlarda “Multikulturalizm” fənni üzrə bizdə dərslik çatışmırdı. Ona  görə də  həmin fənn üzrə Azərbaycan Dillər Universitetinin nəşri olan kitablar aldıq”

 Qeyd edilib ki, kiril qrafikası ilə nəşr olunan köhnə kitabların  80-90 faizi yeni nəşrlərlə əvəz olunub. Lakin bəzi kitablar var ki, onlar hələ də kiril əlifbasındadırlar. Sadəcə slavyan dilləri tədris olunduğuna görə o kitabları oxumaqda tələbələr çətinlik çəkmirlər.

Ayşə Müseyib