Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 16:17:31
“Hacı Zeynalabdin Tağiyev” mükafatının qalibləri bəlli oldu

“ADA” Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının “təqdimetmə mərasimi keçirilib. Məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu, universitetin sevilən ənənələrindən biridir. Tələbələr seçdikləri mövzu üzrə tədris ili boyu qrup halında işləyərək layihə formalaşdırır və konkret nəticələrin əldə edilməsinə çalışırlar. Layihələrin cəmiyyətdə müsbət dəyişkiliyə təkan verməsi və dayanaqlılığı münsiflər heyətinin qərarında əsas amildir.

“ADA” Universitetindən AzEdu.az-a bildiriblər ki, bu il “Hacı Zeynalabdin Tağıyev” mükafatına vətəndaşlıq dəyərlərini təşviq edən 14 tələbə layihəsi namizəd görülüb. Üçüncü yerin qalibi paytaxtda sahibsiz küçə heyvanlarının öldürülməsinə qarşı “Bakı, onlara yaşamağa şans ver!” adlı məlumat kampaniyası olub. İkinci yeri universitetin ötən il təsis edilən “The ADA Chronicle” ilk tələbə qəzeti qazanıb. Birinci yerin qalibi isə “Xərçəngi ləğv edin!” azyazşlı onkoloji xəstələrə mənəvi dəstək tələbə kampaniyası elan edilib.

Mükafatlandırma mərasimində “Rektorun seçimi” də açıqlanıb. Bütün namizəd layihələrlə tanışlıqdan sonra “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrin Bakının orta məktəblərinin yuxarı sinif şagirdləri üçün kritik düşüncə tərzi və liderlik qabiliyyətlərinin artırılması üzrə keçirdikləri “Məktəb səfirləri” adlı silsilə dərslərini bəyənib.

Qaliblər mükafatlandırılıblar. “ADA” Universitetinin tələbə icmasının bayramını universitetin sosial məsuliyyət layihələri üzrə tərəfdaşları “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyə Cəmiyyəti və Bakı Avropa Liseyi də təbrik edib.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında bildirdi ki, bu il “Hacı Zeynalabdin Tağıyev” mükafatına təqdim edilən tələbə layihələrinin əsas hissəsi təhsil və maarifləndirmə səyləri ilə bağlı olub. Bu, bizi çox sevindirir və “ADA” Universitetinin Azərbaycan cəmiyyətinə məhz təhsil vasitəsilə müsbət dəyişikliklər gətirmək cəhdlərinin nəticə verdiyini göstərir.