Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-16 10:36:00
Şagirdlər cari təhsil ilində hansı layihələrə cəlb olunacaqlar? - BŞTİ müdiri AZEdu.az-a açıqladı  

“Bizim fəaliyyətimizin əsas istiqaməti olaraq şagirdlərin məktəbə qəbulu,  şagirdlərin məktəbəqədər hazırlığa qəbulu, şagirdlərin elektron yerdəyişməsi,   təmayüllərin təşkili, 9- 11-ci sinif buraxılış nəticələri, ali məktəblərə qəbul, vətəndaş müraciətlərinə baxılması, işə qəbul prosesi ilə bağlı məsələlər müzakirə olunur. Cari tədris ilində keyfiyyətin artırılması ilə bağlı müvafiq yollar araşdırılır”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda  AzEdu.az-a özəl açıqlamasında bildirib.

 O qeyd edib ki, təhsilin inkişafı, keyfiyyətin yüksəldilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir və Təhsil nazirliyi də öz fəaliyyətində bu məsələni əsas amil kimi götürür:

“Cənab Prezidentin 2013-cu il tarixində imzaladığı müvafiq sərəncama əsasən “Azərbaycan Respublikası Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunub və bu strategiyada əsas istiqamətlərindən biri də məhz təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması məsələsidir ki, Təhsil nazirliyinin istər 2017-2018, istərsə də 2018-2019 tədris ili ilə bağlı prioritetlər əmrində də bu məsələ əsas vacib amil kimi nəzərdə tutulub. Təbii  ki, ölkədə aparılan islahatlar ilk növbədə Bakı məktəblərində tətbiq olunduğundan  Bakı  şəhər təhsil işçiləri arasında məsuliyyət, müəyyən vəzifələr artır. Biz Bakı Şəhəri üzrə Təhsil İdarəsi olaraq 2019 -2020- ci ildə öz fəaliyyətimizi cənab nazirin avqust ayında imzaladığı müvafiq əmrə uyğun olaraq quracağıq” .

 BŞTİ-nin müdiri onu da qeyd edib ki, bu tədris ilində şagirdlərin təlim nəticələrinin artırılması istiqamətində, eyni zamanda şagird fəaliyyətinin optimallaşdırılması, məktəbəhazırlıq qruplarında təlim planları, müəllimlərin fəaliyyət monitorinqi, ibtidai siniflərdə oxu, yazı, riyazi bacarıqların təhlili, məktəblərdə xarici dil və İKT bacarıqlarının monitorinqi həyata keçiriləcək.

Şagirdlərdə tədqiqatçılıq bacarığını inkişaf etdirmək üçün onları araşdırma layihələrə cəlb etmək bu ilin prioritet istiqamətləridir .

Təmayülləşmə siniflərinin qəbul göstəricilərinin daha yüksək olduğunu qeyd edən R. Tağıyev  bu tipli siniflərin artırılacağını da diqqətə çatdırıb:

“Ötən tədris ilində 164 məktəbdə 360, cari tədris ilində isə 184 orta tədris müəssisəsində 404 təmayül sinfi açılıb”.

Məktəblərdə dərslik problemi, xüsusilə, ikinci xarici dil kimi tədris edilən rus dili fənni üzrə kitabların çatışmazlığı kimi məsələlərə toxunan müdir belə çətinliklərin olmadığını bildirib. O xatırladıb ki, sentyabrın 6-a kimi 1 milyon 296 mindən çox dərs vəsaiti məktəblərə paylanılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları