_27.jpg)
Uşaqlara iki fərqli dili öyrətməyin müxtəlif səbəbləri var. Ana dilində danışmaq uşağı öz soykökünə bağlayan amildir. Xarici dil biliyi isə dünyada daha çox insanla ünsiyyət qurmasına imkan yaradır. Yaşlılıq çağına qədər xarici dil biliyi insana müxtəlif yöndə fayda verir.
Bəs xarici dil öyrənməyə nə vaxt başlamaq lazımdır?
AzEdu.az xəbər verir ki, Kanadada York Universitetinin professoru apardığı araşdırmalar zamanı belə nəticəyə gəlmişdi ki, bir dili öyrənmək ana bətnindəykən başlanır. Yeni doğulmuş uşaqlar ana bətnində olarkən duyduğu dilə daha çox reaksiya veriblər.
İki dildə danışan insanların daha çox seçici, diqqətlərini toplayan olduqları söylənilir. Təbii ki, evdə uşağın hər hansı dili eşidərək öyrənməsi danılmazdır. Lakin evdə xarici dildə danışanların olması uşağın da bu dili öyrənəcəyi demək deyil. Bəzən bütün cəhdlərinə rəğmən iki dil bilən valideyn öz uşağına xarici dil öyrədə bilmir. Həmin valideynlərin çoxu evdə fərqli dillərdə danışırlar. Məsələn, ata rəsmi dildə, ana xarici dildə danışır. Belə olduqda uşaq həm məktəbdə, həm də evdə eşitdiyi dili daha tez öyrənir.
Dil öyrənməyin ən sadə yolu dil daşıyıcıları ilə daha çox ünsiyyətdir. Məsələn, Amerikada yaşayan şəxs ingilis dilini asanlıqla öyrənir. Psixoloqların məlumatına görə evdə hər iki valideyn uşaqla hansı dildə danışsa, həmin dili öyrənmək də asan olacaq.
Ümumiyyətlə, dil öyrənmək, uşaqların dünyaya və insanlara dair geniş bir anlayışa sahib olmasını təmin edir. Kanada professoru fərqli dil öyrənmək beyninizi dəyişməsə belə mükəmməl bir təcrübədir deyir.
Ayşə Müseyib