
ADA Universiteti hüquq proqramı üzrə saathesabı müəllim vəzifəsinə müraciət etmək üçün peşəkar təcrübəsi olan və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan hüquqşünas namizədləri dəvət edir. Proqram üzrə “Mülki hüququn əsasları”, “Cinayət hüququ” və “İnzibati hüquq” fənləri tədris olunacaq.
ADA-dan AzEdu.az-a verilən məlumata görə, universitet beynəlxalq mühitdə birgə işləyə bilən, müasir elmi-pedaqoji metodlarla yaxından tanış olan müəllimlərin seçilməsində maraqlıdır. Seçim prosesindən uğurla keçən şəxslər semestr ərzində hər biri 75 dəqiqə olmaqla, 37,5 saat mühazirə (həftədə iki saat) və 17,5 saat məşğələ aparmalıdırlar.
ADA Universiteti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin işə qəbul prosesində hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.