
AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzinin Geodeziya bölməsinin qrup rəhbəri, professor Mehdi Motağ gənc alimlər üçün ustad dərsi keçib.
İnstitutdan AzEdu.az-a bildirilib ki, AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan təşkilatların gənc alim və mütəxəssislərinin iştirak etdiyi tədbirdə Mehdi Motağın “Təbii və antropogen təhlükələrin izlənilməsində SAR kosmik məlumatların istifadəsi” mövzusunda məruzəsi dinlənilib.
Alman professor təmsil etdiyi qurumun fəaliyyətindən və imkanlarından, həmçinin yeni populyar tədqiqat istiqaməti hesab edilən məsafədən zondlama, o cümlədən kosmik məlumatların istifadəsi ilə bağlı tədqiqatların nəticələrindən bəhs edib. O, analoji tədqiqatların aparılması üçün Azərbaycanda da kifayət qədər aktuallıq kəsb edən geoloji obyektlərin olduğunu, eləcə də bu istiqamətdə birgə tədqiqatların perspektivindən danışıb.
Alim daha sonra sualları cavablandırıb.