Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 16:05:00
Turizm və Menecment Universitetinin müəllimi Rumıniyada tələbələrə mühazirə oxuyub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasının baş müəllimi Elnarə İsmayılova ixtisasartırmanı, təhsilin modernləşdirilməsini nəzərdə tutan “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın “Alexandru İoan Cuza” Universitetinə ezam olunub.

AzEdu.az xəbər verir ki,  o, bakalavr və magistr pilləsində təhsil alan tələbələrə “Turizmə təsir edən amillər”, “Turizm ehtiyatları”, “Mədəni turizmin təsnifatı”, “Turizm və ətraf mühitin mühafizəsi, davamlı turizm”, “Azərbaycan Respublikasının turizm potensialı”, “Turizm məntəqələrində dayanıqlı inkişafın təşkili” mövzularında mühazirə oxuyub, müzakirələr aparıb.

Elnarə İsmayılova “Yeni təlim metodları”, “Tədrisin inkişafı və tədqiqat” mövzularının müzakirəsində iştirak etməklə yanaşı, təhsil və tədrisdə mobillik amilinin təhlili prosesinə də qatılıb. Həmçinin menecment ixtisasında təhsil alan tələbələrin iştirakı ilə keçirilən açıq dərsdə Azərbaycan və Rumıniyanın turizm potensialını müqayisəli təhlil edib.

ATMU-nun müəllimi “Erasmus+” proqramında fəal iştiraka görə Rumıniya Respublikasının “Alexandru İoan Cuza” Universitetinin sertifikatına layiq görülüb.

Qeyd edək ki, “Erasmus+” proqramı 2014-2020-ci illərdə təhsil, gənclər və idman, peşəkar hazırlıq sahəsində fəaliyyətləri dəstəkləyir. Dörd milyon insana təhsil almaq, iş təcrübəsi toplamaq və xarici ölkədə könüllü fəaliyyətlə məşğul olmaq imkanı verir.