
“Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar mütləq şəkildə davam etdiriləcək”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əminağa Sadıqov deyib.
O, Akademiyanın yeni rəhbərliyinin gələcək inkişaf ilə bağlı planların olduğunu və bu istiqamətdə işlərin getdiyini vurğulayıb:
“Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanda elmin inkişafı ilə bağlı yeni bir proqram layihəsi hazırlamaq mərhələsindədir. Qəbul olunacaq yeni inkişaf proqramı ilə bağlı hansı islahatlar zəruri olacaqsa, onlar da həyata keçiriləcək. Bu məsələni sadələşdirib, ixtisarlarla bağlamaq düzgün deyil. Əksinə, ola bilər ki, yeni və daha müasir elmi qurumlar, kollektivlər yaradılsın və inkişaf etdirilsin. Akademiyanın elmi potensialı daha müasir elmi istiqamətlərə, ölkəmizin sosial-iqtisadi tələbatından doğan və dünya elminin inkişaf meyillərinə yönələn sahələrinə səfərbər olunacaq. Bu baxımdan, Akademiyada islahatlar gözlənilir və planlaşdırılır. Akademiyanın bununla bağlı xüsusi inkişaf proqramı və strateji yol xəritəsi olacaq. Burada struktur və kadr hazırlığı sahəsində islahatlar həyata keçiriləcək. Bu proses addım -addım baş tutacaq. Bunu sadələşdirib ixtisar kimi qələmə vermək yanlışdır.
Akademiya böyük bir təşkilatdır. Burada 40-a yaxın elmi-tədqiqat institutu var. Hər institutda 15-20 elmi laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalarda həmişə dinamika olub. Hansısa laboratoriya müəyyən dövr üçün aktual olur, sonra öz fəaliyyətini tamamlayır və digəri ilə əvəz olunur və ya adı dəyişdirilir. Bu proses Elmlər Akademiyasında hər zaman olub və bundan sonra da davam edəcək.
Dünya elminin inkişaf meyillərini nəzərə alaraq Azərbaycanın bugünkü sosial-iqtisadi tələblərindən doğan fundamental və tədqiqi işlərə yönəldilmiş fəaliyyətlər həyata keçiriləcək. Bununla bağlı hansısa laboratoriyanın, şöbənin adının dəyişdirilməsi, ləğv edilib onun bazasında yenisinin yaradılması və yaxud hansısa elmi müəssisənin profilinin yenilənməsi mümkün və aktualdır. Elmlər Akademiyası canlı orqanizmdir. Elm bu gün sürətlə inkişaf edir və dəyişiklərin olması təbiidir”.