
“Elm Tarixi İnstitutu ləğv edilməlidir. Hər bir institutun özünün tarixi ilə bağlı şöbəsi olmalıdır. Folklor və Ədəbiyyat İnstitutu isə birləşdirilməlidir”.
Bu sözləri AzEDu.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
O, son günlər AMEA-da aparılan islahatlarla bağlı fikirlərini bölüşüb.
“Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif struktur və şöbələr var. Burada Elmin Populyarlaşdırılması adlı idarə yaradılmışdı; onun ləğvi çox düzgün qərar oldu. Yaradıldıqda mən təkliflə çıxış etdim ki, hər bir institutun özünün elmin populyarlaşdırılması şöbəsi olmalıdır. Əslində, bu, çox düzgün addım olardı.
Məsələn, Elm Tarixi İnstitutu ləğv edilməlidir. Hər bir institutun özünün tarixi ilə bağlı şöbəsi olmalıdır. Paralel profilləri uyğun gələn institutlar birləşdirilməlidir. Folklor və Ədəbiyyat İnstitutu birləşdirilməlidir. Bu, çox yaxşı addım olardı.
Akademiyada institutların birləşdirilməsi və ixtisarı rasional idarəetmə üçün əlverişli şərait yarada bilər. Digər tərəfdən isə bütün institutlar üzrə tədqiqatların istiqamətləri genişləndirməlidir.
Gəldiyim qənaət ondan ibarətdir ki, Akif Əlizadənin dövründə doktorantura şöbəsinin yaradılması tam lazımsız bir məsələ idi. “AMEA-nın Professoru” adının verilməsi tam mənasız bir məsələdir. Bu cür strukturlar yaratmaqla əksinə təkrarçılığa yol verilir. Bu da bir çox hallarda sui-istifadə hallarının artmasına gətirib çıxarır. AMEA-nın magistratura səviyyəsi lazımsız bir qərardı, çünki universitetlərdə magistratura var. “AMEA-nın Professoru” adı lazım olmayan bir nüansdır. Hətta burada verilən şərtlərdə çox absurddur. Mən hesab edirəm ki, Ramiz müəllim istər təbiət elmlərinin, istərsə də humanitar və ictimai elmlərin təkmilləşdirilməsi və tədqiqatların istiqamətlərinin genişləndirilməsində müəyyən addımlar atacaq”.
Digər tərəfdən də institut direktorları 30-40 ildir ki, vəzifələrini icra edirlər.Bu məsələ istər tədqiqatlarda, istərsə də institutun idarə edilməsində müəyyən durğunluq yaradır”.
Qeyd edək ki, struktur islahatları bundan sonra da davam edəcək və AMEA-nın Rəyasət Heyətinin aparatının digər idarələri ləğv olunaraq şöbə, şöbələrin isə ləğv olunaraq sektor yaradılması gözlənilir.