
Xəbər verdiyimiz kimi, Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Həmin azərbaycanlılar Zahid Qocayev və Elmar Musayevdir.
AzEdu.az Modern.az-a istinadla xəbər verir ki, Elmar Musayev açıqlamasında bildirib ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsində azərbaycanlıların dəstəyi olub:
“3 il bundan qabaq Rusiya Elmlər Akademiyasının professoru seçildim. Akademiyada Məmməd Əliyev adında həkim-cərrah çalışır. Məmməd müəllimdən də başqa Həmid Davudov adlı bir azərbaycanlı da var. Onların hər ikisi mənim namizədliyimi irəli sürüblər”.
Elmar Musayev həkim kimi fəaliyyətindən də söz açıb.
“1993-cü ildən Rusiyada yaşayıram. Elə həmin ildən də Rusiyadakı Onkoloji mərkəzdə çalışıram. Hətta Azərbaycandan da müalicə olunmaq üçün müraciət edən xəstələr olur. İmkan və gücümüz daxilində onlara köməklik edirik” – deyən həmsöhbətimiz bildirib ki, Rusiya Elmlər Akademiyasında ümumilikdə 4 azərbaycanlı alim çalışır.
Qeyd edək ki, Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.