
“Hərbi dərslər peşəkar və vətənpərvərlik ruhu verilərək keçirilməli və hərbi kafedralar bərpa olunmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.
O, hərbi dərslərin əhəmiyyətindən danışaraq, onun vacibliyini qeyd edib.
“Şagird olduğum zaman bizə tədris olunan hərbi dərsdən çox çəkinirdik. Müəllimimiz son dərəcədə tələbkar, qiymət məsələsində isə prinspial idi. Biz hərbi dərsdə əleyhqazdan istifadə edir və koloşnikov avtomatını saniyələr içərisində yığırdıq. Dərs zamanı bizə vaxt qoyulurdu və o müddət ərzində isə bir sıra manevrləri yerinə yetirməli idik.
Mən müəllim kimi məktəbdə dərs dediyim zamanlar görürdüm ki, hərbi fənn sovet dönəmində olduğu kimi tədris olunmur. Bu çox önəmli məsələdir. Hərbi hazırlıq məsələsi vətənpərvərlik məfhumunu bizə dönə-dönə xatırlatmalıdır. Hərbi hazırlıq o deməkdir ki, hər an təhlükə ola bilər. Həmin vaxt isə biz hazır olmalıyıq. Bu ilk növbədə müdafiə xarakteri daşımalıdır. Mən hesab edirəm ki, sovet dönəmində keçirilən professional hərbi hazırlıq dərsinə mövcud ideologiya əsasında yanaşırdılar.
Bizim müstəqil və gənc dövlətimiz üçün təhlükə hələ də sovuşmayıb və davam etməkdədir. Bu, bizdən asılı olan məsələ deyil. Ona görə də hərbi hazırlıq dərslərimiz vətənpərvərlik məfhumu ilə uzlaşmalıdır.
Bu məsələ Təhsil Nazirliyində geniş müzakirə edilməlidir. Hərbi kafedralar yenidən bərpa olunmalıdır. Hazırda ali məktəblərdə həmin kafedralar ləğv edilib və hərbi avadanlıqlarda mövcud deyil. Hərbi fənn hazırda məktəblərdə sırf dərs xatirinə keçirilir, lakin bu metod dəyişməlidir. Xüsusən də müharibə şəraitində yaşayan bir ölkə üçün bu son dərəcədə vacib məsələdir. Hər an sınaqla qarşılaşa və dövlətçiliyimizi itirə bilərik. Dünyada təhlükə artdıqca bizim kimi gənc ölkələr üçün daha da pis vəziyyət alır.
Hərbi dərslər peşəkar və vətənpərvərlik ruhu verilərək keçirilməli və hərbi kafedralar bərpa olunmalıdır”.