
Dekabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
AzEdu.az konfransla bağlı gənc tədqiqatçı və doktorantların təəssüratlarını təqdim edir:
“Təhsil Nazirliyinin konfransa yüksək diqqəti ölkəmizin bir sıra ali təhsil müəssisələrindən olan gənc tədqiqatçıların sayını və miqyasını artırmağa imkan verib”.
Bu fikirlər Milli Aviasiya Akademiyasının dosenti, elmlər doktoru hazırlığı üzrə doktorant Ramil Muxtarova aiddir:
-Doktorantların və gənc tədqiqatçıların ənənəvi olaraq keçirilən bu konfransı elmi və miqyası baxımından mühüm əhəmiyyət daşımaqdadır. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən konfransda, demək olar ki, ölkəmizin bütün ali təhsil müəssisələrindən olan tədqiqatçılar iştirak edir.
Konfransın hər il fərqli ali təhsil müəssisələrində keçirilməsi, doktorantların çıxışlarının fərqli universitetlərdə təşkil olunması onlarda yeni elmi zirvələr fəth etməyə həvəs yaradır. Elmi tədbirin müntəzəm olaraq keçirilməsi, Təhsil Nazirliyinin konfransa yüksək diqqəti təmsil etdiyim Milli Aviasiya Akademiyası da daxil olmaqla ölkəmizin bir sıra ali təhsil müəssisələrindən olan gənc tədqiqatçıların sayını və miqyasını artırmağa imkan verib. Elmi işlərin nəticələrinin nümayişi, gənclərin aparılan diskussiyalarda iştirakı, yeni əlaqələrin yaradılması, fərqli istiqamətlərdə elmi yeniliklərlə tanış olması baxımından əhəmiyyətli olduğu üçün bu konfransın davamlı olaraq keçirilməsini arzu edərdim.
“Konfrans gənc tədqiqatçılara məqalələrinin, tezislərinin çap olunmasına imkan verir, geniş akademik əhatə yaradır”.
Bu fikirlər ADNSU-nun doktorantı Elnur Məmmədliyə aiddir:
-İlk növbədə, bu tədbirin elmə maraq göstərən gənclər üçün çox əhəmiyyətli olduğunu deyə bilərəm. Məncə, hər şey xırda detallardan başlayır. Məsələn, buradakı auditoriyada həm bakalavr, həm magistr səviyyələrində təhsil alan tələbələr də var. Həmin tələbələr mənə yaxınlaşır, elmi fəaliyyətimlə maraqlanır, doktorantura pilləsinə getməyin məqsədəmüvafiq olub-olmadığı, praktiki əhəmiyyəti barədə suallar verirdilər. Bunların hər biri gənclərdə maraq yaradır və həmin marağı praktik olaraq mən görürəm. Konfrans gənc tədqiqatçılara məqalələrinin, tezislərinin çap olunmasına imkan verir, geniş akademik əhatə yaradır. Bu baxımdan, həm də doktorantlar üçün böyük praktik köməkliyi var. Konfrans elmə gəlməkdə tərəddüd edən bakalavr və magistrlərdə həvəs yaradır.
Konfransların ənənəvi olaraq keçirilməsi, eləcə də onun sosial şəbəkələrdə güclü piarının təşkil olunması çox əhəmiyyətlidir. Doktorantların bu sahəyə marağı əslində var. Piar daha geniş olanda isə bu işə daha çox insan cəlb olunacaq.
Bəlkə də təsadüfən sosial şəbəkələrdə bu paylaşımı görən biri gələcəyin uğurlu gənci olacaq. ADNSU-da gənclərin elmi-tədqiqatlara cəlb olunmasının uğurlu nəticələri var. Bizdə yeni elmi laboratoriyalar yaradılıb ki, bu da tələbələrin elmi tədqiqatlarda iştirakını stimullaşdırır.
“Konfrans biz doktorantlara elmi yeniliklərlə tanış olmaqla yeni mövzulara fokuslanmaq imkanı verir”.
Bu fikirlər AZMİU-nun doktorantı Kamilə Cəfərliyə aiddir:
-Hesab edirəm ki, bugünkü tədbirin əhəmiyyətindən çox danışmaq olar. Təhsil Nazirliyinin dəstəyi ilə hər il keçirilən doktorant və gənc tədqiqatçıların XXIII elmi konfransı bu il tələbəsi olduğum Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində, yaddaqalan bir təqvimə - böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunub. Tədbirin gənclərin elmi tədqiqatlara cəlb olunması, onların bu sahədə səriştə və qabiliyyətlərinin inkişafına təkan verəcəyinə əminəm. Konfrans biz doktorantlara elmi yeniləklərlə tanış olmaqla yeni mövzulara fokuslanmağ imkan verir. AzMİU-da tələbələrin elmi tədqiqatlara cəlb olunması sahəsində müsbət təcrübə var. Son illər universitetin akademik uğurlarının artması, beynəlxalq nüfuzu biz gəncləri elmi tədqiqatlara həvəsləndirir”.
“Konfrans gənc tədqiqatçıların bir araya gəlməsi və elmi mübadilənin aparılması nöqteyi-nəzərindən çox faydalıdır”.
Bu fikirlər Bakı Dövlət Universitetinin doktorantı Zülfiyyə Ağayevaya aiddir:
-Bu tədbirin əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Ümid edirəm ki, konfrans gənc tədqiqatçıların bir araya gəlməsi üçün əlverişli bir platforma rolunu oynayır. Bu kimi tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayıram. Əvvəlki illərdə keçirilmiş elmi konfranslarda gənc tədqiqatçılarıa sertifikat verilirdi. Bu sertifikat bizim konfransda iştirakımızı təsdiq edirdi. Bu təcrübənin yenidən başlanmasını arzu edirəm. Ümumiyyətlə, tədbir mükəmməl təşkil olunub. Gənclərin elmi tədqiqatlara cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfrans gənc tədqiqatçıların bir araya gəlməsi və onlar arasında əlaqələrin qurulması, elmi mübadilənin aparılması nöqteyi-nəzərindən çox faydalıdır. Çox istərdim ki, konfransa təqdim olunan elmi məqalələr dərc olunsun və müəlliflər, eləcə də maraqlananlar onunla tanış ola və yararlana bilsinlər.