
“Hazırda ali məktəblərdə kadr potensialı baxımından mövcud durum ürəkaçan deyil”.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.
Yaş məsələsinə toxunan rektor bu sahədə ciddi islahatların aparıldığını vurğulayıb:
“Müasir dövrdə təhsil innovasiyalara söykənməlidir. Bu baxımdan, kadr potensialı məsələsi çox ağrılıdır.
Təhsil müəssisələrində yaş məsələsi öz sözünü deyir.ADNSU-da bu ilin sentyabr ayına kimi 90 yaşdan yuxarı 4 müəllimimiz fəaliyyət göstərirdi.Biz qarşılıqlı anlaşma əsasında bu iş birliyinə son qoyduq.Hazırda 80-90 yaş aralığında bizim 29 müəllimimiz var.Həmin müəllimlərimiz də yarımştat şəkildə vəzifələrini icra edirlər.Onlara uyğun qrafik tərtib edilib və onlar öz dəyərli məsləhətlərini gənclər və müəllimlərlə bölüşürlər.75-80 yaş aralığında olan müəllimlərimiz isə kifayət qədərdir.
Bu gün ADNSU-da elektron təhsil sistemi tətbiq olunur.Ona görə də müəllimlərin komputeri bilməsi vacibdir.Lakin bunu bilməkdə azdır.Həmçinin, lazımlı materialları komputerə yerləşdirmək , onlardan düzgün istifadə etmək, tələbənin maraqlarına toxunmaq və distant şəkildə qoşularaq tələbələri marifləndirmək lazımdır.Biz iki il müddətində müəllimlərimiz üçün informasiya texnologiyaları haqqında təlimlər təşkil etdik.Bu dövrdə bizdən küsən, inciyən və müqavimət göstərən müəllimlər oldu.Hazırda müəllimlərimizin İT bilikləri 90 faizdir.
Bütün auditoriyalarımız veb şəkildə təchiz olunub.Bu o deməkdir ki, müəllim açarla sinifə daxil olur , masasını açır və 20 saniyəyə hər şeyi işə salır.Bu baxımdan, tədrisin keyfiyyətini artırmaq üçün onu təşkil edən müəllimlərin yaş məsələsini ön plana çəkmək lazımdır”.