Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 17:55:00
Yeni imtahan modeli və tədris metodu ilə bağlı bütün suallara aydınlıq gətiriləcək - Sabah

Dekabrın 18-də  Hilton oteldə  “Yeni imtahan modeli,islahatlar, nəticələr və gözləntilər” mövzusunda tədbir təşkil olunacaq.  Konfrasın təşkilatçıları Sosial Tədqiqatlar Mərkəzidir. Tədbirdə dövlət qurumları, Təhsil Nazirliyi,  Dövlət İmtahan Mərkəzinin rəhbərliyi, ekspertlər, təhsil işçiləri , hazırlıq kursları, bir sözlə, bu sfera ilə maraqlı olan hər kəs və KİV nümayəndələri iştirak edəcək.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli AzEdu.az-a tədbirin mahiyyəti, əldə olunan müsbət və mənfi rəylər  barədə danışıb:

 “Dövlət İmtahan Mərkəzi təbliğatı elə qurub ki, respondentlər arasında məlumatlıq səviyyəsi yüksəkdir.  Eyni zamanda, onların gördüyü işlər,  yeni qəbul modelində axtarışlar tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni qəbul modelinin özü də bir axtarışdır.  Biz tədqiqatlara əsasən bəzi yekun nəticələrə gəlmişik. Məsələn, ali məktəblərə qəbul  proqramlarının  ümumtəhsil müəsissələrində  tədris olunan kurikulumla tam  uyğunluğu müəyyənləşdirilib. Bundan başqa test üsullunun tətbiqi ilə bağlı fikirlər birmənalı deyildi.   Təhsil ekspertlərinin  əksəriyyətinin fikirlərinə görə isə test modeli  dünyanın ən mütərrəqi inkişaf etmiş ölkələrində tətbiq olunan bir üsuldur. Bizdə də testin tətbiq olunması təhsilin dünya standartına cavab verməsi və bu sferada təmsil olunması deməkdir.  Onların bir qismi isə testin əzbərçi nəsil yetişdirdiyini düşünür. Yəni tərəfdarları da, əleyhinə olanlar da çoxdur”.

O qeyd edib ki, əsas tədqiq olunan mövzulardan biri də abituriyentlərin qəbul imtahanları ilə bağlı fikirləridir.

“Biz eyni zamanda abituriyentlərin qəbul imtahanları ilə bağlı fikirlərini öyrənmişik. Onların əksəriyyəti qəbul imtahanların fənn bölgüsü,  buraxılış imtahanları ilə qəbulun birinci mərhələsinin eyni vaxtda olmasını dəstəkləyir.  Abituriyentlərin 90 faizi düşünür ki,  imtahanın bir neçə mərhələdə keçirilməsi onların  şansını artırır. Yəni ümumilikdə, model yaxşı modeldir, amma onun təkmilləşdirilməsini istəyənlər də az deyil. Qeyd edək ki, xarici dil imtahanlarında şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması da beynəlxaq standartlara çatmaq üçün addımdır.  Dövlət İmtahan Mərkəzinə apelliyasiya ilə bağlı müracitələrin sayının artması görülən işlərin nəticəyə yönəldiyini göstərir”.

Ə.Əlibəylibin verdiyi məlumata görə sabah  konfransda “Azərbaycan barometri” adlı  jurnal da təqdim olunacaqdır:

“Bu jurnal Sosial Tədqiqatlar Mərkəzinin rəsmi mətbuu  orqanıdır və artıq ikinci nömrəsi nəşr olunur.  Həmin jurnalda Dövlət İmtahan Mərkəzinin statistik göstəricilərindən fərqli məsələlər də öz əksini tapıb. Məsələn, jurnalda yeni imtahan modeli haqqında  ictimaiyyətin  fikirlərini əks etdirmişik. 

Təhsil ekspertlərinin təklifləri, təhsil iştirakçılarının üçüncü tərəflərinin və Təhsil Nazirliyinin özünün fikirlərini almışıq və ümumi şəkildə jurnala əlavə etmişik. Ən əsası yeni imtahan modelinin güclü və zəif tərəflərini işləmişik. Məsələn, repetitorların fəaliyyəti, abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməsi ilə bağlı fikirlər üzə çıxır. Bu məlumatları Dövlət İmtahan Mərkəzinin statsistik təhlil jurnalından  tapa bilmərik. Çünki bu qənaətlər ictimai rəy əsasında əldə olunub. Təbii ki, biz DİM-in data bazasından da istifadə etmişik.  Amma tədqiqat aparan  bir qurum olaraq bizim vəzifəmizdir ki, sorğuları respondentlərin özləri ilə bir başa  həyata keçirək”-deyə Ə. Əlibəyli əlavə edib.

Xatırladaq ki, tədbir "Hilton" otel, "Sevda"zalında saat 11:00-da başlayacaq.

Ayşə MÜSEYİB