
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk məzunlarına diplomların təqdimat mərasimi keçirilib.
Universitetdən Modern.az-a verilən məlumata görə, mərasimdə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Paralimpiya Komitəsinin, Böyük Britaniya səfirliyinin, BMT-nin Bakıdakı nümayəndəliyinin rəsmiləri, bir sıra dövlət və özəl qurumların nümayəndələri, həmçinin, Akademiyanın, həmçinin, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti iştirak edib.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, “İdman jurnalistikası” magistr proqramı yalnız Azərbaycanda deyil, Qafqazda bir ilkdir. O qeyd edib ki, proqramın yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor Ulu Öndər Heydər Əliyevin hələ Sovet dövründə Azərbaycan gənclərindən ölkənin ən nüfuzlu aparıcı ali məktəblərinə hər il 800-ə yaxın gəncin oxumağa göndərilməsindən, Prezident İlham Əliyevin gəncləri təhsil səviyyəsində yüksəldilməsi ilə bağlı verdiyi sərəncamlardan söz açıb. Üzünü təhsillərini başa vuran gənclərə tutan rektor onları gələcək fəaliyyətlərində İdman Akademiyasının adını uca tutmağa savadlı və vətənpərvər olmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırıb.
Daha sonra məzunları təbrikə gələn, Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev çıxış edərək, birincilik, birinci olmağın məsuliyyətindən söhbət açıb. O bildirib ki, əsas hekayə birinci olmaqdan sonra başlayır. "Ümid edirik ki, bu ilk məzunlar Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin daha geniş şəkildə işıqlandırılmasında, ölkəmizin idman ölkəsi kimi beynəlxalq arenada tanıdılmasında böyük rol oynayacaq" - deyə İ.Zəkiyev bildirib.
Proqramının rəhbəri, Britaniya Konsulluğu, Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik etmiş, media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason isə çıxışında bu proqramın regionda da bir ilk olmasına diqqət çəkib. O bildirib ki, proqramın yaradılmasında əsas məqsəd jurnalistika sahəsində ixtisaslaşmış kadrların yetişdirilməsidir. "Proqramımızı üç məqsədə xidmət edir. Jurnalistika təhsilini yeni bir şəkildə təqdim etmək, idmana xidmət etmək və Azərbaycanı, Akademiyamızı idman jurnalistikası sahəsində də regional mərkəzə çevirmək.
Artıq hər gün yerli televiziya kanallarında məzunlarımızı görür, onlarla qürur duyuruq. Bu məzuniyyət ilk həm də bizim bayramımızdır. Bu sahədə nəinki regionda, dünyada Azərbaycan üçün birinci olmağı hədəfləyirik" -deyə D. Mason bildirib.
Daha sonra D.Masona Azərbaycandakı fəaliyyətindən dolayı Azərbaycan Gənclər və İdman Nazirliyi adından nazir Azad Rəhimov tərəfindən xüsusi diplom təqdim olunub.
Sonda məzunlar adından çıxış edən İdman Jurnalistikası Proqramının magistrı Ceyhun Mustafayev Akademiyaya rəhbərliyinə onlar üçün yaradılan şəraitdən dolayı təşəkkür edib, hazırda media nümayəndəsi olaraq Akademiyanın tədbirlərini, təlim-tədris prosesini işıqlandırmaqdan qürur duyduğunu bildirib.
Qeyd edək ki, idman jurnalistikası magistr proqramına ilk qəbul 2017-ci ildə aparılıb və 6 tələbə proqrama qəbul olub. Onlar 2 il müddətində müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş Akademiyanın Multimedia Mərkəzində yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanıblar.
Magistrantlar dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr alıblar. Onlar həmçinin, proqram çərçivəsində Böyük Britaniyaya səfər edərək, 2 həftə müddətində BBC və digər nüfuzlu media orqanında təcrübə qazanıb, əsas təlim modullardan birini Şeffield Hallam Universitetində keçiblər.
Eyni zamanda, onlar bir neçə beynəlxalq tədbirin, o cümlədən "İBSA Judo Grand Prix Baku 2019" yarışının təşkili və keçirilməsində media dəstək göstəriblər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri və Associated Press, BBC, Əl Cəzirə və s. kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa başlayıblar.