
Niderland Biznes Akademiyasının rektoru Jan van Zvieten və Rumıniya Dil və Mədəni Mərkəzinin direktoru Josefina Blazani-Batto Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyev ilə görüşüblər.
AzEdu.az xəbər verir ki, rektor qonaqlara AzTU haqqında məlumat verib və bildirib ki, AzTU ilə Niderlandın qabaqcıl universitetləri arasında elmi əlaqələrin genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi nəzərdə tutulur. Vilayət Vəliyev qeyd edib ki, gələcəkdə birgə layihələrdə iştirak da planlaşdırılır.
AzTU-da olmağından məmnunluğunu bildirən Niderland Biznes Akademiyasının rektoru Jan van Zvieten rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Qonaq AzTU ilə birgə layihələrin reallaşdırılmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində Azərbaycan Texniki Universiteti ilə Niderland Biznes Akademiyası arasında əməkdaşlığa dair Saziş imzalanıb.