
Bakıda Rusiyanın nüvə elmi-texniki infrastrukturu və atom sənayesinin müasir texnologiyalarına həsr olunmuş seminar keçirilib.
AzEdu.az xəbər verir ki, seminarda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Rusiya ilə Azərbaycan arasında əlaqələr, MNTM QSC ilə "Rosatom" DK arasında kadr hazırlığı, məlumat mübadiləsi və birgə elmi araşdırmalar sahəsində formalaşan əlaqələr haqqında geniş məlumat verib.
“Rosatom”un Şərqi Avropa şöbəsinin direktor müavini Vladimir Qorn təmsil etdiyi qurumla MNTM QSC arasında əlaqələr və aparılan konkret işlərdən söz açıb.
Seminarda cəmiyyətin yaranmasının məqsədi, vəzifələri, strukturu, kadr və texniki potensialı, beynəlxalq, eləcə də milli layihələr, gələcəkdə tələb oluna bilən Tədqiqat Nüvə Reaktoru da daxil olmaqla ehtiyac duyulan avadanlıqlar, qurğular haqqında geniş məlumat verilib. Həmçinin Tədqiqat Nüvə Reaktoru yaradılmasının strateji plan, texniki, iqtisadi əsaslandırılmasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələb, norma və standartlarına uyğun hazırlanması üzrə AEBA ilə birlikdə aparılan layihələrdən danışılıb. Eyni zamanda, respublikanın ehtiyatlarını ödəyə biləcək tədqiqat nüvə reaktorunun tipi, gücü, kanalları, neytron seli və digər parametrləri haqqında müzakirələr aparılıb.
Seminarın sonunda Azərbaycan tərəfindən iştirak edən nümayəndələr bu tip tanışlıq seminarlarının tez-tez keçirilməsi və ictimaiyyətlə işlərin aparılmasının zəruriliyini qeyd ediblər.