
“Bu il dekabr ayında Qətərdə keçirilən beynəlxalq olimpiadada medal qazanmış 6 şagird artıq özlərini istədikləri universitetin tələbəsi hesab edə bilər.
X sinif şagirdləri Murad Bəşirov, Asiman Ziyədinov, Xanım Yaqublu, Ayhan Süleymanzadə, Sədiyar Qafarov, Rəfsan Həbibullayev müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul ediləcək”.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb -liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib. O, həmçinin olimpiadaların keçirilməsinin əhəmiyyətindən danışıb.
“ Olimpiadalarin əsas məqsədi istedadlı uşaqları aşkarlamaqdır. 4 il bundan əvvəl olimpiadalar yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edirdi və pilot xarakteri daşıyırdı. İndi bütün şəhərləri, kənd məktəblərini əhatə edir. Respublika olimpiada qalibləri bizi beynəlxalq bilik yarışlarında təmsil edib medal qazanmaqla bu işin vacibliyini bir daha sübut etdilər. Lakin hələ ki, olimpiadalarda iştirak edən komandalar məhdud saydadır. Hər il olimpiadalarda riyaziyyat fənnindən 6, fizika 5 İnformatikadan isə 4 komanda təmsil olunur”.
Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, bilogiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib.
Ayşə MÜSEYİB