Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 17:34:00
Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi keçirilib.

İlk olaraq həndbol üzrə yarışların final oyunları baş tutub. Daha sonra birinciliyin proqramına daxil olan badminton, həndbol və velosiped idman növləri üzrə qalib komandalar mükafatlandırılıb. Qalibləri Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev, Azərbaycan Həndbol Federasiyasının baş katibi Orxan Məmmədov, Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftahətdinova və Lüdmila Şubina təltif edib.

I, II, III yer tutan məktəb komandalarına kubok, diplom, medal və həvəsləndirici hədiyyələr təqdim olunub.

Qeyd edək ki, noyabr-dekabr aylarında keçirilən yarışlara badminton, həndbol və velosiped idman növləri üzrə Bakı şəhərinin 12 rayonundan 291 məktəb, 13 mindən çox məktəbli qatılıb.

Badminton idman növü üzrə I yeri Yasamal rayonu 286 nömrəli, II yeri Xətai rayonu 260 nömrəli, III yeri Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin komandası, Velosiped idman növü üzrə I yeri Yasamal rayonu 308 nömrəli, II yeri Xətai rayonu 29 nömrəli, III yeri Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin komandası tutub. Həndbol idman növü üzrə isə  I yerə Xəzər rayonu 183 nömrəli, II yerə Nizami rayonu 12 nömrəli, III yerə 80 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında olimpiya hərəkatını təşviq etmək, təhsil müəssisələri ilə idman federasiyaları arasında əməkdaşlığı gücləndirmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, olimpiya idman komplekslərindən səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.

“Olimpiya hərəkatı” layihəsi Təhsil və  Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə keçirilir.