
Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə "Winner #01" layihəsi çərçivəsində “Gəncsən? Başla!” adlı təlim keçirilib.
AzEdu.az xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsi yad olunub.
Təlimdə şəxsi inkişaf və biznes sahəsində təcrübəsi olan tanınmış şəxslər müxtəlif universitetlərin tələbələrilə təcrübələrini bölüşüblər.
Daha sonra Panda School brendinin və ELLİN məktəbəqədər mərkəzin qurucusu Elvin Dadaşsoy, Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzinin və 166 Global Logistics Şirkətinin direktoru Ruslan İmamquliyev, “Karnegi Klub”un rəhbəri Dr. Nəcəf Allahverdiyev, “Gənc sahibkar, Karyera psixoloqu” Orxan Mahmudov, Biznes Koç, Təlimçi, Sosial Araşdırmaçı Orxan Şahbaz və Biznes mentor, işgüzar inkişaf yazarı Nadir Adilov maraqlı mövzularla bağlı fikirlərini bölüşüblər. Eyni zamanda bu mövzularda tələbələrin də düşüncələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Rektor belə tədbirlərin keçirilməsinin gənclərin şəxsi inkişaf və biznes sahəsində uğur əldə etmələrinə imkan yaradacağını bildirib.
Tədbirdə iştirak edən gənclərə Nadir Adilovun müəllifi olduğu “GƏNCsən? Başla!” kitabı hədiyyə olunub.
Təlimin sonunda qonaqlara və layihədə iştirak edən könüllü tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədbirin təşkilində AzTU-nun tələbələri Elçin Cəfərli, Xanməmməd Azəroğlu və Əhmədiyyə Əliyev yaxından iştirak edib.