Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 14:03:00
Abituriyentlər açıq tipli test suallarına niyə hazır deyillər? –Çıxış yolu və izahlar

 Bir neçə gün öncə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında abituriyentlərin açıq tipli sualları cavablamaqdan yayındığını və ya daha çox belə suallarda səhv etdiklərini vurğuladı.

 Bəs  bunun səbəbi nədir? Niyə abituriyentlərimiz açıq sualları cavablandırmağa hazır deyil?

 Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında  Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov yeni imtahan modelində açıq tipli sualların artırılması və əhəmiyyətindən danışıb.

 “İlk növbədə qeyd edim ki, bu il tətbiq edilən yeni imtahan modelini əvvəlki modeldən fərqləndirən əsas cəhət ikipilləli modelə keçidlə bağlı idisə, digər səbəb yeni tədris proqramının (kurikulumların) tələblərinə və mahiyyətinə uyğun olaraq imtahanlara qapalı test tapşırıqları ilə yanaşı açıq tipli test tapşırıqlarının salınması və sayının artırılması idi. Bu fərq qapalı test tapşırıqlarının 70%-i, açıq tipli tapşırıqların 30%-i nisbətində olub.

 Açıq tipli testlərin imtahana salınması nəyə xidmət edir? Açıq tipli testlər abituriyentlərin bilik və bacarıqlarının hərtərəfli üzə çıxarılmasına, əldə olunmuş biliklərin praktikada tətbiqi mexanizmlərinin inkişaf etdirilməsinə, mənimsəmənin dörd səviyyəsinin: bilik, anlama, tətbiqetmə və bacarıq səviyyələrinin yoxlanılmasına, xüsusilə də qiymətləndirmədə yüksək hazırlıqlı abituriyentlərin fərqləndirilməsinə imkan verir”.

 Onun sözlərinə görə Sosial Tədqiqatlar Mərkəzi olaraq aparılan  sorğunun nəticələri, abituriyent, valideyn və müəllimlərlə aparılmış keyfiyyət intervüsü (müsahibə) göstərir ki,  onlar yenilikləri mənimsəməkdə çətinlik çəkiblər.

 “Bu amili nəzərə alaraq respondentlərə açıq tipli test tapşırıqları ilə bağlı bir neçə sualla müraciət olunub. “İmtahanlarda istifadə edilən açıq tipli tapşırıqlarla bağlı çatışmazlıqlar müşahidə edilibmi?” sualına respondentlərin 54%-i “müşahidə edilib” cavabını verib. Bu çatışmazlıqlar qismində respondentlərin (abituriyentlərin) 37%-i yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların vaxt aparmasını, 25%-i hesablama tipli  tapşırıqların çətinliyini, 21%-i uyğunluğu müəyyən etmək tipli tapşırıqların konkret olmamasını, 17%-i seçim tələb edən tapşırıq­ların mürəkkəbliyini göstəriblər”.

O, həmçinin yeni proqramlarla, xüsusilə, dərsliklərlə bağlı problemlərin hələ də qaldığınını vurğulayıb.

“Ümumiyyətlə, rəyi soruşulan abituriyentlərin əksəriyyəti yeni qəbul imtahanının məzmununun orta ümumtəhsil müəssisələrində tədris olunan fənlərə və yeni proqrama (kurikulumlara) uyğun tərtib olunduğunu qeyd etsələr də, ekspertlər orta ümumtəhsil müəssisələrində tətbiq olunan yeni proqramla (kurikulumlarla) bağlı problemlərin hələ də qaldığı qənaətindədirlər. Təhsil Nazirliyi yeni tədris proqramı ilə bağlı problemləri köhnə sistemdən yeni sistemə keçidlə əlaqələndirsə də, təhsil ekspertləri 2008-ci ildən, yəni kurikulumların tətbiqindən sonra yazılan dərsliklərdə varislik və vahidlik prinsipinin gözlənilmədiyini, bunun da nəsillərarası əlaqələri pozduğunu, əvvəlki illərdə məzun olanların yeni dərslikləri oxuyub anlamaqda çətinlik çəkdiklərini, ümumilikdə çətinlik səviyyəsinə görə dərslikləri həm müəllimlərin, həm də şagirdlərin tam mənimsəyə bilmədiklərini, ali məktəb müəllimlərinin dərsliklərin yazılması prosesində iştirakının məqsədəuyğun olmadığını və s. bildiriblər”.

Baş məsləhətçinin fikrincə   bu problem yeni tədris proqramının orta məktəblərdə tədrisinin mükəmməl səviyyədə qurulmamasından qaynaqlanır.

 “Yeni tədris proqramının (kurikulumun) səmərəli və effektli olması üçün müəllimlərlə işləmək, onlara treninq və təlimlər keçmək lazımdır. Aparılacaq tədqiqatlar və monitorinqlər nəticəsində proqramın harada və niyə səmərə vermədiyini müəyyənləşdirmək lazımdır”.

A.Məmmədov sonda açıq suallarla bağlı DİM-in mövqeyini də xatırladıb.

 “Ümumilikdə, 700 ballıq şkala saxlanılıb. Bilirsiniz ki, abituriyentlər imtahanın 1-ci və 2-ci mərhələsində birlikdə 700 bal toplaya bilirlər. Bu 700 baldan 495 balını onlar ənənəvi qaydada olan qapalı tipli tapşırıqlar və yaxud kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan toplayırlar, yerdə qalan 205 balı açıq tipli tapşırıqlardan toplayırlar.  Burada məqsəd ondan ibarətdir və nisbət elə tətbiq olunmalıdır ki, abituriyentlər həmin tapşırıqlara cavab verə bilsinlər.  DİM-in əsas məqsədi odur ki, verilmiş şkalaya uyğun olaraq imtahan iştirakçılarını bilik və bacarıqlarına görə sıralaya bilsin. Daha bilikli və bacarıqlı abituriyenləri müəyyən etmək üçün açıq tipli tapşırıqlardan istifadə olunub və orada da nisbət də gözlənilib ki, hər hansı çətinlik olmasın”-deyə A. Məmmədov əlavə edib.

Ayşə MÜSEYİB