
“Övladınızın imtahana psixoloji cəhətdən hazırlaşmasında kimlərin rolu olub?” sualına valideyn respondentlərin 56%-i valideynlərinin, 24%-i müəllimlərinin, 6%-i psixoloqun, 5%-i qohumların/dostların, 3%-i internetin/sosial şəbəkələrin rolu olduğunu qeyd edib. 6% respondent “bu barədə düşünməyə heç vaxtı olmayıb” cavabını verib.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci saytında öz əksini tapıb.
“Övladınız ali məktəbə qəbul olmasa, nə edərdiniz?” sualına respondentlərin 36,4%-i “Çalışaram üstünə çox getməyim, özünə qapanmasın”, 21,2%-i “Təskinlik verməyə çalışaram”, 39,3%-i “Qəbul ola bilməməsinin səbəbləri ilə maraqlanardım”, 3,1%-i “Heç bir söz deməzdim” cavabını verib.
Ümumilikdə sorğunun nəticələri və müşahidələr göstərir ki, abituriyentlərin imtahana mənəvi-psixoloji cəhətdən hazırlaşmasında valideynlərin və müəllimlərin böyük rolu olub. Maraqlıdır ki, abituriyentlərin 1%-i psixoloq yardımından istifadə etdiyini, valideynlərin 6%-i övladının imtahana hazırlaşarkən psixoloqun köməyi olduğunu bildirmişdir. Ola bilsin ki, aradakı 5%-lik fərq abituriyentlərin psixoloq yardımından istifadə etməsini dilə gətirmək istəməməsindən qaynaqlanır. Araşdırmalar da sübut edir ki, şagirdlərin mənəvi-psixoloji cəhətdən sağlam ruhda böyüməsi üçün ailə-məktəb-cəmiyyət üçbucağındakı hər bir tərəf üzərinə düşən məsuliyyəti dərk etməlidir. Orta məktəblərdə “məktəb psixoloqu” sosial təsisatının fəaliyyətinin gücləndirilməsi, xüsusilə bu sahədə mütəxəssis hazırlığına və bu işin məhz hazırlıqlı mütəxəssislərə həvalə edilməsinə nəzarət edilməsi, orta məktəb rəhbərliyinin, müəllimlərin, psixoloqların iştirakı ilə məktəblilərin psixoloji “portretinin” tərtib edilməsi, həssas şagird qruplarının müəyyənləşdirilməsi, onlar barədə ətrafı məlumatların hazırlanması və s. vacibdir.