
“Bu il V-XI sinif dərslikləri əsasında xeyli sayda vəsaitlər hazırlanıb, iki lüğət isə yenidən nəşr olunub”.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin elmi-metodik vəsaitlərlə bağlı illik hesabatında qeyd olunub.
Hesabatda qeyd olunub ki, müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən 5-11-ci sinif dərslikləri əsasında 110 “Qiymətləndirmə tapşırıqları” kitabçası (Azərbaycan və rus dillərində), “Kimya”, “Riyaziyyat”, “Fizika”, “Coğrafiya”, “Tarix”, “Ədəbiyyat”, “Azərbaycan dili”, “Rus dili”, “Literatura”, “İngilis dili”, “Fransız dili”, “Alman dili”, “Rus dili (xarici dil kimi)”, “Azərbaycan dili (dövlət dili”) vəsaitləri, “İngilis dili lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yenidən hazırlanıb.
Məlumat üçün bildirək ki, siniflər üzrə “Qiymətləndirmə tapşırıqları” kitabçalarında verilmiş materiallardan şagirdlər yeni tipli tapşırıqlarla işləmək bacarıqlarına yiyələnmək, müəllimlər isə məktəbdaxili (diaqnostik, formativ və summativ) qiymətləndirmə aparmaq üçün istifadə edə bilərlər. Eyni zamanda bu materiallarla buraxılış imtahanlarına hazırlaşmaq da mümkündür.
Onu da qeyd etmək lazımdır ki, 9 və 11-ci siniflər üzrə kitabçaların sonunda buraxılış imtahanlarında istifadə edilmiş real variantlar və qiymətləndirmə meyarları da verilib.
Ayşə MÜSEYİB