Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 15:36:00
Coğrafiya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda yığıncaq keçirilib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, institutun direktoru, akademik Ramiz Məmmədov bayram münasibətilə əməkdaşları təbrik edərək, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən söz açıb. Qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü 70-dən çox ölkədə qeyd olunur. Həmrəylik Günü dünyanın hər yerinə yayılan 50 milyondan çox azərbaycanlını birləşdirmək məqsədilə ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilib. Bu bayramın qeyd edilməsi dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rola malikdir.

Yola saldığımız 2019-cu ilin institut üçün uğurlu olduğunu deyən akademik “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildinin çapdan çıxmasını əlamətdar hadisə kimi qeyd edib. O bildirib ki, türkdilli ölkələrin bir-birinin coğrafiyasını, tarixini, mədəniyyətini öyrənməsi, yaxşı tanıması onların bir-birinə daha da yaxınlaşmasında və birliyində əhəmiyyətli rol oynaya bilər.

Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, institutun Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, Qadınlar Şurasının sədri Luiza Salayeva və digərləri xalqımızın birlik və mütəşəkkilliyini tərənnüm edən bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirərək onların arasında birlik və həmrəylik yaratmağa xidmət etdiyini diqqətə çatdırıblar.