
“AMEA-nın birinci vitse-prezidenti akademiya prezidentinə həvalə edilən yeni vəzifələrin icrası zamanı ona yardımçı olacaq”.
Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın Sosial və İctimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O, AMEA-nın birinci vitse-prezidenti seçilməsi ilə bağlı təəssüratlarını və gələcək işlərini bizimlə bölüşüb.
“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində dəyişiklər edilib. Bu dəyişiklər daha çox elmin dövlət quruculuğuna, müstəqil dövlətin hədəflərinə doğru inkişaf etməsinə yönələcək. Artıq bölmələrdə akademik-katib vəzifələri ixtisara düşür. Vitse-prezident həm də akademik- katibin vəzifəsini icra edəcək və bölməyə rəhbərliyi həyata keçirəcək. Beləliklə, problemlər həll olunmağa doğru gedəcək. Akademiyada olan artıq ştatlar ixtisar olunur. AMEA mobil qrupa çevrilməyə doğru gedir. Bu mobil qrup öz işini Azərbaycanın inkişaf etdirilməsinə, ölkə başçısının elmi təşəbbüslərinin həyata keçirilməsinə sərf edəcək.
Akademiyanın 2020-2025 illər üçün İnkişaf Proqramı qəbul olunub. Eyni zamanda, akademiya prezidentinin təklifi ilə hər il üçün də ayrıca tədbirlər planı nəzərdə tutulub. Biz artıq, 2020-ci il üçün strateji tədbirlər planını hazır etmişik. 2021-ci ildə heç şübhəsiz ki, biz dövlət Prezidentinin sərəncamlarından irəli gələn işləri, elm siyasətinin həyata keçirilməsi ilə bağlı olan vəzifələri və dünyaya inteqrassiya ilə bağlı olan məsələləri əsas götürəcəyik.
Vitse-prezidentlər konkret bir bölməyə rəhbərliyi həyata keçirərək, həmin bölmənin əhatə etdiyi fəaliyyətə rəhbərlik edirlər.Birinci vitse-prezidentlər isə konkret bir bölmə və bölmələrə rəhbərlik etməklə yanaşı, eyni zamanda müəyyən elmi istiqamət üzrə ölkəmizdə aparılan elm siyasətinin həyata keçirilməsini təmin edəcək.Həmçinin, Akademiya prezidentinin ona həvalə etdiyi yeni vəzifələrin icra edilməsinə də kömək göstərəcək”.
Qeyd edək ki, bu gün İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Xatırladaq ki, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi İsa Həbibbəyli 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.