Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-30 15:38:00
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivi təbrik edib, xoş arzularını çatdırıb.

Akademik bildirib ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib və respublikamızda, eləcə də xarici ölkələrdə yaşayan milyonlarla soydaşımız tərəfindən hər il böyük təntənə ilə qeyd edilir. D.Tağıyev qeyd edib ki, yola saldığımız 2019-cu ildə ölkəmiz Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə sürətlə inkişaf edib, Azərbaycan güclü ölkə kimi dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirib.

Sonra akademik Dilqəm Tağıyev Azərbaycan Milli Elmlər Akademiyasının dekabrın 28-də keçirilmiş ümumi yığıncağının qərarlarının icrası ilə bağlı məsələlər haqqında məlumat verib. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ümumi yığıncaqdakı nitqindən irəli gələn vəzifələrlə bağlı fikirlərini bölüşüb, həmçinin ümumi yığıncaqda qəbul olunmuş “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Qeyd olunan məsələlər geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.