Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-31 12:12:00
Yeni agentlik təhsilimizə inanılmaz faydalar verəcək – İctimai Şura üzvlərindən təhlil

Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

AzEdu.az yeni yaranan agentliyin fəaliyyət istiqamətləri ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin fikirlərini öyrənib.

Təhsil eksperti və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bu tip agentliklərin bir çox ölkədə fəaliyyət göstərdiyini qeyd edib.

“Təhsil Nazirliyi yanında  Agentliyin yaradılması mənim üçün yenilik oldu. Bu Azərbaycan təhsili üçün fərqli bir addımdır. , 15 il əvvəl  Rusiya təhsil sistemində 3 qurum fəaliyyət göstərirdi. Bunlar: Təhsil Nazirliyi,Təhsil Agentliyi və  Elm və Təhsilə Nəzarət Şurası  idi. O zaman  mən Təhsil Agentliyinin yaradılması  arzusunda idim. Lakin bu baş tutmadı. Rusiyada  Təhsil Nazirlıiyi  təhsil siyasətini həyata keçirirdi.Təhsildə iqtisadi məsələlərə agentlik cavabdeh idi. Elm və Təhsilə Nəzarət Şurası isə qəbul imtahanları, dövlət qulluğu ,alimlərin  attestasiyasına nəzarəti təmin edirdi.

Ölkəmizdə də adıçəkilən agentlik yaradıldı. Mən onun əsasnaməsi ilə tanış olanda  Rusiyada olan agentliyə bənzəmədiyini gördüm. Bu yeni bir qrumdur. Agentlik Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir və kifayət qədər müstəqildir. Agentliyin öz  strategiyası olacaq. Bu  təhsil sistemində  və  strukturunda yeniliklərin yaradılmasını təmin edəcək. Təhsillə bağlı çoxlu problemlərin həll olunmasında bu qurum yaxından iştirak edəcək.Ona görə də mən agentliyin yaradılmasına sevinirəm”.

Təhsil eksperti və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İslafilov agentliklə bağlı düşüncələrini bölüşüb.

“Bu Agentliyin yaradılması zəruri idi. Ölkə Başçısının 29 dekabr 2019-cu il tarixli Fərmanından da göründüyü kimi Agentlik Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək məqsədilə ilə yaradılıb və Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə xidmət edir. Əslində, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilib ki, bu da bilavastə “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanından irəli gələn vəzifədir. Agentlik yaradılmasının nə dərəcədə lazımlı və əhəmiyyətl olmasının təcrübədə artıq sınamışıq və onun müsbət nəticələrinin bilavasitə şahidi olmuşuq. Təsəvvür edin ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra pesə təhsili sisteminin dirçəldilməsi üçün sadalanmasına ehtiyac görmədiyim nə qədər işlər görüldü, peşə təhsilinə yanaşma necə dəyişşdi. Ümid etmək olar ki, çox keçməz, yeni yaradılan bu Agentlik də Akkreditasiya və Nostrifikasiya sahəsinə yeni nəfəs gətirər”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov yeni yaranan qrumla bağlı düşüncələrini bölüşüb:

“Cənab Prezident Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində  çox ciddi fərman imzaladı və  bu sənədlə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya  bazası əsasında  təhsilin keyfiyyətinə təminat verəcək   agentlik formalaşdırıldı. Hesab edirəm ki,   bu qrum Təhsil Nazirliyinin fəaliyyətində   keyfiyyətin  təmin olunmasına cavabdeh olacaq. Qurumun digər üstün tərəfi ondan ibarətdir ki,  bu agentlik publik hüquqi şəxs statusunda  formalaşıb. Bu o deməkdir ki,  qrum yalnız dövlət büdcəsi və  vəsaiti hesabına fəaliyyət göstərməyəcək. Onun əlavə gəlirlər əldə etmək  üçün  imkanları olacaq. Bu da  agentliyin daha  geniş səlahiyyətlər çərçivəsində  fəaliyyətinə gətirib çıxaracaq.

Son dövrlərdə Cənab Prezidentin  təhsillə bağlı imzaladığı bütün sənədlər   keyfiyyət göstəricisinin   təmin olunmasında başlıca şərti təmin edir. Məsələ ondan ibarətdir ki, Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda təhsilin inkişaf etdirilməsi,  elmi  cəmiyyətin qurulması,əmək bazarına cavab verə biləcək  peşəkar kadrların yetişdirilməsi  kimi məsələlər öz əksini tapıb. Eyni zamanda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı  Cənab Prezidentin ortaya qoyduğu  mövqe  və siyasət ona gətirib çıxarır ki,  təhsil sahəsində ciddi islahatlar aparılmalıdır.  Çox sevindirici haldır ki, Təhsil Nazirliyi bu istiqamətdə sistemli şəkildə  işlər aparır və ölkə başçısının çağrışlarına cavab verir.Heç kimə sir deyil ki, Azərbaycanda son dövrlərdə təhsilin  keyfiyyətinin yüksəldilməsi ilə bağlı  çox ciddi tədbirlər həyata keçirilir.Yeni yaradılan   agentlik   Təhsil Nazirliyinə  əlavə imkanlar və fəaliyyət istiqamətləri verəcək. Hesab edirəm ki,  agentlik  ölkə başçımızın  təhsildən gözləntilərinə cavab verəcək və Azərbaycanın inkişaf tempinə uyğun olaraq  təhsilin keyfiyyətinin yaxşılaşdırılması  istiqamətində işləri  yerinə yetirəcək, təhsilimizin    həm avropa məkanında, həm də  dünya təhsil  sistemində  qabaqcıl yerlərdən birinə gətirəcək. Təhsil Nazirliyi yanında İctimai Şura olaraq ,biz bu agentliklə əməkdaşlıq  edəcək və  onun fəaliyyətinə  dəstək verəcəyik. Əminəm ki, yeni yaradılan qrum  təhsildə keyfiyyətin  təmin olunması və  onun bütün pillələrində     keyfiyyətli kadr bazasının yaradılmasına yardımçı olacaq

Qeyd  edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək məqsədilə Təhsil Nazirliyinin fəaliyyətini təkmilləşdirmək və təhsil sisteminin müasir tələblərə uyğun davamlı inkişafını təmin etmək məqsədilə , Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyini yaradıb. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları