
“Tələbələr müəllimlərdən istədiyi təhsili ala bilmirlər. Onlar üçün dərs prosesi maraqsız olur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev deyib.
O, universitetin 2020-ci ilin ilk rübü üçün əsas hədəflərini oxucularla bölüşüb:
“Texniki Universitet modeli dünyada qəbul edilən modeldir. Bu model tədris və elmi tədqiqatların aparılması və müasir nəticələrin yetərli olmasına əsaslanır. Texniki Universitet modelinin əsas məqamlarından biri aparılan tədqiqat və tədrisin əmək bazarına uyğun olmasıdır.
Texniki Universitetin əsas istiqaməti onun sənayeyə təsiri ilə ölçülür. Mənim hədəflərimdən biri də Azərbaycan Texniki Universitetinin müasir trendlər səviyyəsində inkişafına nail olmaqdır. Çünki AzTU elmlərin və texnologiyaların kəsişməsindən formalaşan tədqiqatları dəstəkləməlidir. Belə ki, elmi tədqiqatı dəstəkləməyən universitetlərin modeli kifayət qədər deformasiyaya uğrayıb.
Universitetlərin inkişaf tarixinə baxdıqda texniki universitetlərdə elm, təhsil və praktikanın inteqrasiyası ilə bağlı müəyyən trendlər formalaşıb. 1950-ci illərə qədər praktika daha önəmli idisə ,80-ci illərdə elmi tədqiqatlar praktikanı qabaqladı.Lakin 80-ci illərdən sonra elmi texniki inkişafla bağlı olan təsir artıq praktikaya yönəlməyə başladı.
Bu gün praktikada mühəndis təhsili çox önə çıxır.Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz əvvəlki təcrübələr ilə birlikdə yeni inkişaf mərhələsinə qədəm qoymalıyıq.Mühəndis təhsilinə yeni yanaşmanı gətirməliyik.Elm və praktikanın optimal münasibətini tapmalıyıq.Tədqiqatlar aparmalı və tələbələri elmi-texniki təcrübələrə cəlb etməliyik. Bu proseslər Azərbaycanda sənayenin inkişafı ilə dəstəklənməlidir”.
Vilyət Vəliyev AzTU-nun gələcək hədəflərindən və universitetin yerinə yetirməli olduğu digər məsələlərdən söz açıb:
“Biz universitetin biznes modelini ortaya qoymalıyıq.Bu çox önəmli bir məqamdır.Bu istiqamətdə müsbət yöndə addımlar atmışıq.Mən ötən il sənaye müəssisələrini ziyarət etdim.Həmin müəssisələrdə bizim universitetin filialları yaradılmalıdır.Artıq bir neçə sənaye müəssisəsi ilə razılığa gəlmişik.2020-ci ilin birinci rübü ərzində onların bir neçəsinin açılmasının şahidi olacayıq.
İkinci əsas məsələ ondan ibarətdir ki, müəllim və tələbələrin münasibətində optimallıq qorunmalıdır.Bu gün müəllim və tələbələrin ünsiyyətində radikallıq hökm sürür. Bunu aradan qaldırmaq lazımdır. Bu radikallığın əsas səbəbi ondan ibarətdir ki, bu gün tələbələr gözlədikləri təhsili ala bilmirlər. Çünki tələbələrin daha çox informasiyası olur. Bizim yaşlı nəsil müəllimlərimizin informasiyaları azdır. Amma bu o demək deyil ki, yaşlı nəsil bizə lazım deyil. Hər iki tərəf müəyyən qədər haqlıdır. Tələbələr müəllimlərdən istədiyi təhsili ala bilmirlər. Onlar üçün dərs prosesi maraqsız olur.
İkinci problemimiz doktorant və magistrlarla bağlıdır. Bu səviyyələrdə olan tələbələrimiz elmi tədqiqatlarla qarşılaşa bilmirlər. İkinci bir tərəfdən bu da tələbələrlə müəllimlər arasında məsafəni artırır. Mən doktor tələbələrimlə uzun müddətdir, işləyirəm, həyatım onlarla keçir. Bu gün doktor tələbəmdən aldığım biliyi heç kimdən ala bilmirəm. Tələbələrə müzakirələrin nəticəsi olaraq onlara məsləhətlər verirəm. Bizim doktor və professorlarımız klassik mühəndis təhsilinin yetirmələridir və onların bilikləri heç kimdə yoxdur. Biz onlardan istifadə etməliyik. Bu gün elmi tədqiqatların nəticələrində mütləq yaşlı nəsildən məsləhət alınmalıdır. Yaşlı nəsil isə öz növbəsində elmi-texniki tərəqqinin inkişafı ilə bağlı formalaşan informasiyalardan xəbərdar olmalıdır. Bunun da ən yaxşı daşıyıcıları tələbələrdir”.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin rektoru təyin edilən Vilayət Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
Vilayət Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.