
“Çində bizdən daha çox təhlükədə olan azərbaycanlı tələbələr var”
Çinin Jinhua şəhərdə yerləşən Zhejiang Normal Universitetində təhsil alan azərbaycanlı tələbə Səməd Azadlı vəziyyətlə bağlı fikirlərinin AzEdu.az-la bölüşüb.
“Hazırda Jinhua şəhərində 8 azərbaycanlı tələbə var. Vəziyyətimiz yaxşıdır. Müəyyən qədər internetlə bağlı problem yaranır. Xüsusilə, “İnstagram”, “Facebook”, “Google”-un istənilən tətbiqlərinin istifadəsində çətinlik yaşanır. Uhan şəhərində isə vəziyyət daha gərgindir. Azərbaycanlılar oranı tərk etsə də, səhv etmirəmsə, 10-yaxın həmyerlimiz karantin elan olduğuna görə şəhəri tərk edə bilməyib. Hələ ki, şəhəri tərk etmək fikrimiz yoxdur. Amma bu vəziyyət uzun müddət davam etsə, ölkəni tərk edəcəyik”.
O, Azərbaycan səfirliyinin tələbələrə köməklik göstərdiyini də bildirib.
“Uhanda yaşayan tələbələrlə əlaqə saxlayırıq. Çindəki Azərbaycan səfirliyi onlara maddi və mənəvi dəstək olur. Tələbələri şəhərdən çıxarmağa çalışırlar”.
Qeyd edək ki, Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar bir neçə şəhərdə karantin elan olunub. Çin və bir neçə Asiya ölkəsində yayılan koronovirusa yoluxanların sayı artıq 630 nəfərə çatıb.