
Ali təhsil müəssisələrinə qəbul öncəsi redaksiyamıza çoxsaylı suallar ünvanlanır.
Abituriyentlərin əksəriyyəti qəbul imtahanlarının II mərhələ blok fənlər üzrə ümumi balın dəyişib-dəyişmədiyini soruşurlar. Onlar arasında belə bir məlumat yayılıb ki, bu ildən etibarən bloklar üzrə yalnız bir fənn 200 bal, digər iki fənn isə 100 balla hesablanacaq. Məsələn, I qrup üzrə fizika 200, riyaziyyat 100, kimya 100 bal kimi nəzərə alacaq.
AzEdu.az məlumatı dəqiqləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. DİM-dən verilən məlumata görə blok üzrə fənlərin maksimal balında heç bir dəyişiklik olmayıb. Yayılan məlumatlar tamamilə yanlışdır. Ümumiyyətlə, fənlərin maksimal balında dəyişikliklə bağlı məsələ müzakirə olunmur.
Məlumat üçün bildirək ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanında maksimal ballar aşağıdakı qaydadadır.
I qrup- Riyaziyyat -150, Fizika -150, Kimya -100.
II qrup- Riyaziyyat -150, Coğrafiya -150, Tarix-100.
III qrup- Azərbaycan dili -150, Tarix-150, Ədəbiyyat-100.
IV qrup- Biologiya -150, Kimya-150, Fizika-100.