Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 15:58:00
İctima Televiziyanın sənədli filmi BDU tələbələri qarşısında 

Bakı Dövlət Universiteti  bir təhsil və elm müəssisəsi kimi özünün hərtərəfli fəaliyyəti ilə yüksək maarifçilik xidməti göstərir. Burada tələbələrə təkcə  dərs prosesində deyil, həm də müntəzəm olaraq təşkil edilən tədbirlərdə azərbaycançılıq, vətənpərvərlik ideyaları aşılanır. Xüsusilə milli-mənəvi dəyərlərimiz  sahəsində xidmətləri olan elm, mədəniyyət, yaradıcılıqla bağlı şəxsiyyətlərin yubileylərinin qeyd olunması bir ənənə halını alıb. Bu sırada istedadlı ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin katibi olmuş, uzun müddət BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri işləmiş Arif Əmrahoğlunun həyat və yaradıcılığına həsr edilən “Bir ömür kitabı” adlı sənədli filmin mayın 17-də müəllim və tələbələr qarşısında  nümayiş etdirilməsi mühüm hadisə kimi qiymətləndirilə bilər. Filmin Universitetdə nümayişi Filologiya fakültəsinin dekanı, dosent  Elçin Məmmədovun təşəbbüsü ilə baş tutdu. BDU-nun Heydər Əliyev Məktəbində təşkil olunan bu tədbirdə əsasən Filologiya və Jurnalistika fakültələrinin tələbələrinin iştirakı nəzərdə tutulsa da, digər fakültələrin tələbələri də qatılmışdılar.

Arif Əmrahoğlunun ailə üzvləri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar - Ramiz Əskər, Alxan Bayramoğlu, Cahangir Məmmədli, dosent Vüqar Əliyev iştirak etdiyi tədbirdə çıxış edən dosent Elçin Məmmədov Arif Əmrahoğlunun həyat və yaradıcılığının mühüm cəhətlərindən bəhs etdi. Filmin nümayişindən sonra çıxış edən akademik Muxtar İmanov İctimai Teleradionun maarifçilik xidmətini yüksək qiymətləndirdi, filmin rejissoru Royal Paşayev təkcə bu filmdə deyil, bütövlükdə istedadlı rejissorluq işindən danışdı. Professor Cahangir Məmmədli də filmdə yaradıcı kollektivin böyük bacarığını qeyd etdi, İTV-nin bugünkü fəaliyyətini qiymətləndirdi, onun sabah daha böyük uğurlara imza atacağını xüsusi vurğuladı. Digər çıxış edənlər də “Bir ömür kitabı” sənədli filmin sənətkarlıq keyfiyyətlərini yüksək qiymətləndirdilər.


Könül Niftəliyeva