
Ötən gün keçirilən növbədənkənar parlament seçkilərində 119 dairənin qalib olduğu namizədlərin adları rəsmən açıqlanıb.
AzEdu.az elm və təhsil fəaliyyəti ilə məşğul olan qalib namizədləri təqdim edir:
31 saylı Suraxanı İkinci Seçki Dairəsinin qalibi Etibar Əliyev tanınmış təhsil ekspertidir. O, uzun müddət təhsil sistemində çalışıb. Hazırda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, həmçinin, AMEA-nın əməkdaşıdır. Təhsillə bağlı bir neçə maraqlı kitabın müəllifidir;
Parlamentə yeni seçilən xanımlardan biri Afət Həsənova (32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi)-Azərbaycan Dövlət İqtisad Universitetinin –UNEC-in “Ekonometrika” kafedrasının baş müəllimidir; elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Publikaya yaxşı tanış olan eks komitə sədri Hicran Hüseynova (41 saylı Sumqayıt Birinci Seçki Dairəsi) 2000-2006-cı illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin dekan müavini olub.
Milli Məclisdə ilk dəfə təmsil olunacaq şəxslərdən biri, Sadiq Qurbanov (54 saylı Şabran-Siyəzən Seçki Dairəsi - Sadiq Qurbanov) da UNEC-də çalışır. O, “İqtisadi hüquq” kafedrasının baş müəllimidir;
Yenilər cərgəsində olan Əziz Ələkbərovun da (62 saylı Saatlı Seçki Dairəsi) elmi fəaliyyəti var. O, filologiya üzrə fəlsəfə doktorudur, AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisidir.
Elm və təhsil ictimaiyyətinə yaxından tanış olan professor Anar İsgəndərov (71 saylı Masallı Kənd Seçki Dairəsi) parlamentdə yeni təmsil olunacaq şəxslər sırasındadır. Tarixçi alim 1984-cü ildən BDU-nun Tarix fakültəsində «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. Hazırda həmin kafedranın müdiridir;
84 saylı Füzuli Seçki Dairəsinin qalib namizədi, tanınmış iqtisadçı Vüqar Bayramov elə öz ixtisası üzrə də elmi fəaliyyətlə məşğuldur. O, UNEC-də maliyyə ixtisası üzrə dərs deyir;
85 saylı Şamaxı Seçki Dairəsinin qalib namizədi Tamam Cəfərova 2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Siyasi Tarix” kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasında dosent vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə isə prorektordur;
24 saylı Nizami Birinci Seçki Dairəsindən deputat seçilən Könül Nurullayeva 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır;
Məzahir Əfəndiyev (89 saylı Göyçay-Ağdaş seçki dairəsi) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regionlarda Davamlı İnkişafın təmin olunması ixtisası üzrə magistratura səviyyəsində dərs deyir.
96 saylı Goranboy-Naftalan Seçki Dairəsinin qalibi Anar Məmmədov 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadiyyat (ingilis dilli)” kafedrasının müəllimidir;
101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən millət vəkili seçilən Elşad Mirbəşiroğlu 2002-2013-cü illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında müəllim kimi çalışıb. 2007-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasında dosent vəzifəsində çalışır. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının icrası üzrə analitik şöbənin və Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən millət vəkili seçilən Ceyhun Məmmədov 2013-2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışıb. O, həmçinin, 2017-2018-ci illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi işləyib. Yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov həm də ilahiyyat üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, bu seçkilərdə 38 dairədən qalib olan namizədlər ötən çağırış deputat olmayanlardı.