
Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyi Lənkəran Dövlət Universiteti (LDU) silsilə tədbirlərlə qeyd edilir.
AzEdu.az xəbər verir ki, bu baxımdan ingilis dilində keçirilən tematik ədəbi-bədii gecə orijinallığı və forma rəngarəngliyi ilə diqqət çəkib. LDU-nun İngilis dili müəllimliyi ixtisasının I, II, III tədris ili tələbələri ingilis ədəbiyyatının tanınmış şair və yazıçılarından Bayron, Şekspir, Uilyam Henri Deyvis və digərlərinin əsərlərindən ifa etdikləri bədii parçalar iştirakçıların zövqünü oxşayıb. Tələbələrin Azərbaycan və ingilis dillərində ifa etdiyi “Sarı gəlin” xalq mahnısı isə gecəyə bir əlvanlıq, rəngarənglik qatıb, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
AXC-yə həsr olunmuş videoçarxın nümayişi Səməd Vurğunun “Azərbaycan” şeirinin tələbələrin ifasında inigiliscə ifası ilə müşayiət olunub.Görkəmli dramaturq M. F. Axundovun " Hekayəti Müsyö Jordan və Dərvişi Məstəli Şah" komediyasının motivləri əsasında çəkilmiş “Dərviş Parisi partladır” filminin motivləri əsasında hazırlanmış səhnəciklər səmimi yumoru ilə yaddaqalan olub.
Gecədə səsləndirilən şeirlər,mahnılar, parodiyalar, səhnəciklər tələbələrin ingilis dilində bilik və bacarıqlarının nümayişi olub. Tədbir boyu ifa olunan şeir və mahnılarda, videoçarxlarda vətənpərvərlik, doğma yurda məhəbbət, Azərbaycançılıq ideyaları təbliğ edilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tematik gecənin yekununda maraqlı və məzmunlu tədbirə görə təşkilatçılara minnətdarlığını bildirib, fərqlənən tələbələrin maddi və mənəvi cəhətdən stimullaşdırılacağını deyib. Universitet rəsmisi belə tədbirlərin tələbələrin hərtərəfli formalaşmasında, zəngin dünyagörüşünə malik olmalarında mühüm rol oynadığını xüsusi vurğulayıb.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri