
AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda keçirilən II beynəlxalq elmi konfrans çərçivəsində müzakirələr təşkil olunub.
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev bildirib ki, müxtəlif tədqiqat institutlarında “İntellektual sistemlər və texnologiyalar”, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə) mövzularında müzakirələr aparılıb. Ümumilikdə 200-ə yaxın gənc tədqiqatçı öz apardıqları elmi, nəzəri və praktik tədqiqatların nəticələrini təqdim ediblər, iştirakçıların sualları ətrafında geniş fikir mübadiləsi aparılıb.