
“DİM-in keçirdiyi imtahanda bir sualda texniki xəta olmuşdu. Buna görə də biz hələ ki, susmuşduq, gözləmə mövqeyində idik. DİM-ə təşəkkür edirik ki, texniki xətanı nəzərə alaraq şagirdin haqqını özünə qaytardılar”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Hədəf Hazırlıq Kurslarının rəhbəri Şəmil Sadıq qeyd edib. O, IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplaya Rəna Əliyevanın Hədəf kurslarının Nizami filialının şagirdi olduğunu bildirib:
“Hazırda bizim kursda bayramdır. Çox sevinirik. Bu, yüksək səviyyədə verilən təhsilin nəticəsidir. Rəna Əliyeva Hədəf kurslarının Nizami filialının şagirdidir. İki il ərzində müəllimlərin ona sərf etdiyi əmək və şagirdin öz çalışqanlığı bu nəticəyə gətirib çıxarıb”.
Onun sözlərinə görə DİM bir sualda yaranan texniki xətanı nəzərə alaraq Rəna Əliyevanın haqqını özünə qaytarıb:
“Çox maraqlı faktı qeyd etmək istərdim. DİM-in keçirdiyi imtahanda bir sualda texniki xəta olmuşdu. Buna görə də biz hələ ki, susmuş, gözləmə mövqeyində idik. DİM-in rəsmi izahatı oldu. Bu zaman onlar şagirdin suala daha düzgün yanaşdığını qeyd edərək ona 700 balı verdilər. Balının beş bal aşağı düşmə ehtimalı var idi. DİM-ə təşəkkür edirik ki, texniki xətanı nəzərə alaraq şagirdin haqqını özünə qaytardılar. 700 bal Hədəf kurslarının müəllim kollektivi və şagirdin zəhmətinin bəhrəsidir”.
Şəmil Sadıq kursdakı başqa bir şagirdinin 695 bal topladığını da vurğulayıb:
“Bildiyimə görə hələ ki, IV qruplarda bir nəfər 700 bal toplayıb. Amma tam olaraq xəbərim yoxdur. Bu imtahanda şagirdlərimizin biri 700, digəri isə 680 bal toplayıb. II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında da bir şagirdimiz 695 bal toplamışdı. İkinci imtahanda ondan 700 balı gözləyirik”