
Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müvafiq sərəncamının 3-cü bəndinə müvafiq olaraq tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə Bakı Mühəndislik Universitetində (BMU) növbəti əsaslı dezinfeksiya işləri aparılıb.
Universitetdən AzEdu.az-a verilən məlumata əsasən, bütün tədris binaları, ictimai-iaşə obyektləri və yataqxanaları Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ötən bir həftə ərzində ikinci dəfə dezinfeksiya edilib, həmçinin sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.
Qeyd edək ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə BMU-da davamlı işlər görülür. Belə ki, məlumatlılığın artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb, universitetin saytına, eləcə də yataqxanalarda və tədris binalarında monitorlara yerləşdirilib.