Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 15:30:00
“AMEA kitabxanasındakı qiymət artımı elmimizə çox mənfi təsir edəcək”- Etiraz

  

 

“Əvvəllər illik ödənişi 5 manat olan AMEA kitabxanası əvvəlcə qiyməti 100 manata, bu yaxınlarda isə 150 manata qaldırılmışdı”.

 

Bunu AzEdu.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu AMEA-dan kitabxana qiymətinin 150 manata qaldırılmasına münasibət bildirərkən deyib.  O, AMEA kitabxanasında hansı səbəbdən bu addımın atıldığını izah etsə də, ümumilikdə onları düzgün həll yolu hesab etmir:

 

“Kitabxananın müəyyən xərcləri  var ki, onları ödəmək üçün istifadə haqqını qaldırıb. Amma bu, düzgün addım deyil; əvvəla, qiyməti  qaldırdıqda istifadəçilərin sayı azalır.  İstifadə haqqının  azlığı  oxucu sayının artımına səbəb olur. Məsələyə maddi  baxımdan  yanaşdıqda, bu, düzgün addım sayılmır”.

 

Ə. Qəşəmoğlu AMEA kitabxanasının maddi ehtiyac probleminin alternativ üsullarla həlli barəsində danışarkən bir neçə təkliflə çıxış edib:

 

“Maddi ehtiyacı olan kitabxana  akademiya rəhbərliyi  qarşısında bu məsələni qaldırmalı və  elmi qurumun özü bu sahədə addımlar atmalı idi.

 

Həmçinin,  akademiya işçiləri – elə özüm də - istifadə haqqını ödəyirlər: sonuncu dəfə 2 il əvvəl ödəniş etmişəm. Bu məsələni birbaşa rəyasət heyətinə bildirmək,  problemin  AMEA rəhbərliyi tərəfindən həll etməliydi. Məsələn,  sponsorlar tapıla bilərdi.

 

Rəyasət heyətinin bu imkanı olmasa belə ölkənin bir neçə imkanlı təşkilatlarını kitabxanaya dəvət edərək maddi resursların tapılması ilə bağlı müzakirələr  apara bilərdi. Eləcə də, bəzi xarici  ölkə səfirlikləri də  maddi yardım yatırmağa maraqlı olardılar. Kitabxanın maliyyə resurslarının tapılması üçün bu versiyalardan istifadə etmək daha səmərəli olar.

 

Bizim ölkədə indiki yəni elmi təminatın vacib olduğu vaxtda gənclərin kitabxanadan istifadə etməyə çox böyük ehtiyac var. Əksinə, biz çalışmalıyıq ki, gənc tədqiqatçıların kitabxanadan pulsuz istifadə etməklərinə şərait yaradaq.

 

Oxucuları kitabxanaya müxtəlif yollarla cəlb etmək əvəzinə, süni baryer yaradıb, insanların buradan qaçmasına səbəb olurlar.

 

Mən qiymətin qalxdığını eşidəndə, məsələyə çox mənfi  reaksiya verdim; kitabxanın məsul işçilərinə  öz iradımı bildirdim. Bu, düşünülməmiş addım idi”.

 

Bəs, qiymətlərin qaldırılması həmin kitabxanadan yararlanan  tələbə potensialının hazırlığına  nə kimi təsir göstərəcək? – Sosioloqun bu suala cavabı çox da nikbin deyil:

 

- Tələbələrin çox yerə xərci çıxır. Mənim yaşıdlarım, yəni 40-50 il bundan əvvəl təhsil alanlar yataqxana xərcindən azad olunurdular.  Yemək, geyim indikindən ucuz idi. İndiki zəmanədə tələbələrin çoxusu ödənişli oxuyur, o vaxt isə  belə deyildi. Tələbələrin xərcinin belə çox olduğu vaxtda 150 manat ödəmək imkanları olmayacaq,  kitabxanadan yararlana bilməyəcəklər. Bu isə  tələbənin maariflənməsinə, imtahan və tədqiqat işlərinin aparılmasına   cidd maneə yaradacaq.

Qiymətlərin qaldırılması yalnız tələbələrə deyil,  elmi-tədqiqat işiylə məşğul olan insanlara da böyük maneə yaradacaq. Addımı atmazdan əvvəl Azərbaycanda yaşayan əhalinin maddi vəziyyəti nəzərə alınmalı idi.

 

Doğrudur,  müəyyən əsaslandırmalar olunub, amma görünür  burada da  tələskənliyə yol verilib”.

 

 Hər bir kitabxananın əsas göstəricisi isə oradakı müraciətçi sayı ilə ölçülür. O zaman   oxucuların qiymət qalxımı səbəbindən  kəskin  surətdə azalması kitabxanaya da mənfi  təsir göstərər. Sosioloq bu neqativ məqamı bu cür əsaslandırır:

 

-Bu hal kitabxanadan əvvəl Azərbaycan elminə böyük dərəcədə mənfi təsir göstərər. Kitabxana elmin inkişafı üçün vasitədir. Bir çox insanın kitabxananın imkanlarından məlumatı yoxdur. Əks halda, əvvəlki sərfəli qiymətlərlə razılaşıb, üzv yazılan  daha çox insan  olardı. Böyük ehtimalla bu sahədə də tədbirlər görüləcək”.