
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 22-də elan edib.
Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.