
“Təhsil Nazirliyi olaraq davamlı şəkildə digər qrumlarla əlaqə saxlayırıq”.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Azərbaycan televiziyasının efirində yayımlanan “Hədəf” verlişində söyləyib.
Nazir valideyn və şagirdlərə bir sıra tövsiyə və məsləhətlər verib:
“Mövcud şəraitdə şagird və valideynlərə çox ciddi şəkildə gigiyenik normalara əməl etmələrini tövsiyə edirəm. Onların sağlamlıqlarına diqqət etmələrini, eyni zamanda kəskin respirator xəstəliklərə yoluxan insanlarla ünsiyyətdən kənar olmalarını və səhhətlərində hər hansısa bir problem olduqda dərhal həkimə müraciət etmələrini məsləhət görürəm. Bu müddət ərzində hər hansısa ciddi bir zərurət olmadan insanların çox toplandığı yerlərə getməmək lazımdır. Valideyn və şagirdlər təqdim olunan imkanlardan maksimum şəkildə yararlana biləcəklərinə ümid edirəm”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.