
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının elmi şuralarının birgə iclasında AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun 5 cildlik “Azərbaycan dendroflorası” kitabının Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması haqqında qərar qəbul edilib. .
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova biomüxtəlifliyin, xüsusən ağac və kоl bitkilərinin kompleks şəkildə öyrənilməsinin müasir dövrdə aktuallıq kəsb edən məsələlərdən olduğunu söyləyib. O, çoxillik araşdırmaların nəticəsi olan “Azərbaycan dendroflorası” kitabının əhəmiyyətindən danışıb.
Akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, biologiya üzrə elmlər doktorları - Vahid Fərzəliyev, Elman İsgəndər, Səyyarə İbadullayeva, Eldar Novruzov, Naibə Mehdiyeva, Şakir Qasımov və biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov çoxcildlik haqqında rəy və tövsiyələrini bildiriblər. Çıxış edənlər çoxcildliyin Dövlət mükafatına təqdim olunmasını məqsədəuyğun hesab ediblər.
Sonda AMEA-nın müxbir üzvü Tofiq Məmmədov əsərin hazırlanmasında köməyi olanlara, göstərilən etimada görə rəhbərliyə və iclas iştirakçılarına təşəkkürünü bildirib.