
Əlavə təhsil Azərbaycanda həyata keçirilən təhsil fəaliyyətinin müəyyən hissəsini təşkil edir və hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Əlavə təhsilin istiqamətləri bunlardır: Kadrların yenidən hazırlanması, stajkeçmə, kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili,dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili
Təhsilin bu sahəsini bitirmiş şəxslərə hüquqi sənəd verilir və onlar barəsində stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Əlavə təhsilin istiqamətləri içərisində ixtisasartırma təhsilinin xüsusi rolu var. Ən çox adıçəkilən və müəllimlərin müraciət etdiyi əlavə təhsil növü ixtisasartırmadır. İxtisasartırma müəllimin öz ixtisasına daha dərindən yiyələnməsi üçün nəzərdə tutulur.
İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran və müəyyən edilmiş krediti toplayan hər bir dinləyiciyə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən vahid formalı sertifikat verilir. Sertifikatlar əlavə təhsil müəssisəsi tərəfindən imzalanır və möhürlənir.
İxtisasartırma təhsilinin əsas məqsədi işçinin ixtisası üzrə hazırlıq səviyyəsininin yüksəldilməsidir. Ali, orta ixtisas və peşə-ixtisas pillələrinin hər hansı birini bitirmələri haqqında dövlət sənədi olan kadrlar beş ildən bir ixtisasartırma kurslarından keçməli, peşəkarlıqlarını yüksəltməli olurlar. Bu təhsilin kurikulum çərçivəsi mərkəzi icra orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən təsdiq edilir və kurikulum çərçivəsinin məzmunu mütəmadi olaraq yeniləşdirilir. İxtisasartırma təhsili əyani və distant (məsafədən) olmaqla 2 formada həyata keçirilə bilər.
Əlavə təhsilin mühüm istiqamətlərindən biri kadrların yenidənhazırlanma təhsilidir. Yenidənhazırlanma təhsili əyani formada həyata keçirilir. İlkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır.
Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin yüksəldilməsi məqsədi daşıyır. Sonda stajkeçənə sertifikat, təhmilləşdirilənə arayış verilir.
Əlavə təhsilin bir istiqaməti də dərəcələrin yüsəldilməsidir. Orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsini almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığı nəzərdə tutan təhsil növüdür. Dərəcələrin yüksəldilməsi üzrə təhsil proqramları ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Dərəcələrin yüksəldilməsi təhsili əyani, qiyabi və distant formalarda aparıla bilər.
Əlavə təhsilin istiqamətlərindən biri də yaşlıların təhsilidir. Əlavə təhsilin bu istiqaməti əmək qabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabət qabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir. Yaşı 18-dən yuxarı, müstəqil fəaliyyət təcrübəsi və peşəsi olmayan insanlar yaşlıların təhsilinə cəlb oluna bilərlər.
Təhsilə cəlb ediləcək kontingentin tərkibinə uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar, peşəsi olmayanlar; yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyac duyab işsizlər; hərbi xidmətdən təxris olunanlar; evdar qadınlar və uşaqlı analar; şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər daxil ola bilər.